Oxucumuz Nazlı R. xanım soruşur ki, tanıdıqlarımız arasında süd vəzi
xərçəngindən qurtaran varmı. Əlbəttə, var! Elə biri – hamının tanıdığı Hollivud
ulduzu Ancelina Coli! Yəqin ki, bu ad sizə də yaxşı tanışdır. Məşhur amerikan
aktrisası, prodüser, rejissor və ssenarist, fotomodel, BMT-nin xoşməramlı
səfiri Ancelina Coli “Oskar” mükafatının və 3 “Qızıl Qlobus”un laureatıdır.
Həyat yoldaşı Bred Pittlə birgə Hollivudun ən yaraşıqlı cütlüyü sayılan bu 40
yaşlı xanım karyerasını qurana qədər çox çətinliklərdən keçib. Kino ulduzu kimi
parlayandan və böyük pullar qazanandan sonra da həyatın müxtəlif sınaqları ilə
üzləşib.
Xəstəlik varlıya, kasıba baxmır. O, hamının qapısını döyə bilər. Ancelina
ilə də belə oldu. Unutmayıbsınızsa, ötən söhbətimizdə risk faktorlarından söz
açmış, kimlərin süd vəzi xərçənginə (SVX) düçar olma ehtimalının daha çox
olduğu barədə elmi qənaətləri sizinlə bölüşmüşdük. Bildirmişdik ki, anasında,
bacısında, xalasında SVX olan qadınlarda bu xəstəliyin əmələ gəlməsi riski daha
böyükdür.
Düzdür, bir ailədə 2 və ya 3 nəfər xərçəng xəstəsi olduğu hallarda belə,
xərçəngin təsadüfən yarana biləcəyi yaddan çıxmamalıdır. Lakin
bilməlisiniz ki, ailədə birinci dərəcəli doğmalar arasında SVX-nin olması bu
xəstəliyə tutulma riskini artırır. Bu cür ailələrdə yumurtalıq və yoğun
bağırsaq xərçənginə tutulma riski də yüksək olur. Məsələn, ailəsində müəyyən
yaş dövründə SVX olmayan qadınlarda bu xəstəliyə tutulma riski 6%-dirsə,
yaxınları döş xərçənginə tutulmuş qadınlarda bu ehtimal 11%-dir. Elmi təbabətdə
belə bir düşüncə var ki, süd vəzi xərçəngi olan bütün xəstələrin 5-10
faizi (və ya bir qədər az) SVX-nin genlərindən birində baş verən dəyişilmə
(mutasiya) ilə əlaqədardır. Bu günə qədər elmdə ailəvi süd vəzi xərçəngi ilə
əlaqədar iki gen aşkar edilib: BRCA1 və BRCA2. Bu genlərin
hər ikisi hüceyrə DNT-sində meydana gələn zədələri təmir edən genlərdir. Əgər
bu iki gendən birində hər hansı bir zədələnmə ( mutasiya) baş veribsə, o zaman
DNT-nin təmiri kifayət qədər olmadığına görə süd vəzi xərçənginin əmələ gəlmə
riski yüksəlir. Genlərdəki bu mutasiya irsi yolla ana və atadan övladlarına
keçir. Bu cür mutasiyalı gen daşıyan qadınların ömrü boyu xərçəng xəstəliyinə
yoluxma ehtimalı 87% kimi yüksək rəqəmlərlə xarakterizə olunur. Və həmin
qrupdakı qadınlarda SVX daha erkən yaşlarda meydana çıxır (70% halda 45
yaşından əvvəl). Bu zaman qadının bir neçə birinci dərəcəli yaxınında (anası,
bacısı, qızı) SVX-yə rast gəlinir. Bu tip xərçəng adətən (yəni 65%) hər iki süd
vəzini zədələyir. Belə hallarda xəstələrin 50%-də süd vəzi xərçəngi ilə yanaşı
yumurtalıq xərçəngi də inkişaf edir.
Anasını (56 yaşında) və xalasını cavan yaşda xərçəngdən itirən
Ancelina Coli də məhz bu məqamları nəzərə alaraq özünü yoxlatdırmış (qanındakı
BRCA1 və BRCA2 genlərini) və həkimlərin dediyinə görə, 87% süd vəzi
xərçənginə, 50% yumurtalıq xərçənginə tutulma ehtimalının olduğunu
aydınlaşdırmışdı. Altı uşaq anası olan bu cəsur qadın övladlarını anasız
buraxmamaq və həyatını rahat davam etdirmək, sevimli işi ilə məşğul olmaq üçün
çox cəsarətli bir qərar aldı. Sonradan “Nyu York Tayms” qəzetinə verdiyi
müsahibədə bildirdiyinə görə, 38 yaşında ikən xəstəliyin qarşısını almaq
üçün ikitərəfli mastektomiya cərrahiyyə əməliyyatı vasitəsilə döşlərini ləğv
etdirdi və yerinə implant qoydurdu. O zaman bu xəbər mətbuatda geniş yer
almışdı. Özünün dediyinə görə, cərrahiyyə əməliyyatının yeri demək olar ki, heç
hiss olunmur. Döşlərini kəsdirəndən bir müddət sonra xərçəng xofundan tamam
qurtarmaq üçün A.Coli ikitərəfli ovarioektomiya (yumurtalıqların əməliyyatla
götürülməsi) deyilən cərrahi əməliyyatla yumurtalıqlarını çıxartdırdı.
Həmin
müalicələr nəticəsində aktrisanın xərçəngə tutulma ehtimalı 87%-dən 5%-ə endi.
Ancelina uşaqlarını vaxtsız tərk etmə qorxusunu birdəfəlik dəf etdi və bir ömür
boyu onların qayğısına qalma şanslarını yüksəltdi.
İnsan iradəsi çox şeyə
qadirdir. Bunu yaşadığımız həyat boyunca dəfələrlə görür, müşahidə edirik. Yüz
minlərin sevimlisi olan aktrisa Ancelina Colinin timsalında bir daha
yəqinləşdirdik. Coli-Pitt soyadını daşıyan üç doğma – bioloji (qızları Şaylo
Nuvel, Vivyen Marşelin və oğlu Noks Leon) və üç götürülmüş (oğulları Meddoks
Şivan, Paks Tien və qızı Zaxara Marli) övlad sahibi olan aktrisa iki ağır
əməliyyat keçirməsinə baxmayaraq, bu gün də gözəldir və ruh yüksəkliyi ilə
həyatını davam etdirir. Üstəlik suriyalı qaçqınları düşünür. Bu səbəbdən bəzən
yemək yeməyi unudur. Aclığını bir ovuc fındıqla, ya da meyvə ilə aradan
qaldırır.
Günay Əhmədova,
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası

Комментариев нет:
Отправить комментарий