14.3.16

“Süd vəzi xərçəngi, mən səndən GÜCLÜYƏM!”


Ötən məqaləmizdə dünya qadınlarının probleminə çevrilmiş süd vəzi xərçənginin (SVX) əlamətləri, müayinə və diaqnostika vasitələri barədə söhbət açmışdıq. Bu yazıda SVX-nin müalicə yolları barədə danışacağıq. Əgər özünüzdə və ya doğmalarınızdan birində süd vəzi xərçəngi aşkarlanıbsa, dərhal təşvişə düşməyin. Bilin ki, hər il dünyada milyonlarla qadın bu xəstəlikdən yaxa qurtara bilir. Siz də onlardan biri ola bilərsiniz! El arasında belə bir deyim var: tez evlənənlə tez ayrılan peşman olmaz. Zərif məxluqların baş bəlasına çevrilmiş SVX-ni də erkən mərhələdə aşkarlayıb, vaxtında müalicə etdirən yaşama şansını itirmir.
Öncə bu xəstəliyin etimologiyasına diqqət edək. Kimlər risk faktoru qarşısındadır? Praktika göstərir ki, birinci dərəcəli qohumlarda (yəni ana, qızı və bacısı) SVX-nin olması, erkən yaşda aybaşı olmaq, gec  yaşda aybaşıdan kəsilmək (gec menopoz), həddindən artıq kökəlmək, menopauzada nəzarətsiz hormon istifadə etmək kimi amillər hormonal faktorlar sayıla bilər. Ona görə də, bu qəbildən olan xanımlar öz zərif orqanlarına qarşı daha həssas olmalı, hər hansı əlamət görən kimi dərhal həkimə müraciət etməlidirlər. Diaqnoz dəqiqləşdikdən sonra xəstəni ciddi müalicə prosesi gözləyir. Təbabətin hazırkı durumuna görə, SVX-nin müalicə yolları bunlardır:
1. cərrahi əməliyyat
2. kimyəvi dərman müalicəsi
3. radioterapiya və yaxud şüa müalicəsi
4. hormonal müalicə
5. immunoterapiya.
Qeyd edək ki, yuxarıda sadaladığımız faktorlardan heç birinin olmadığı hallarda da qadın süd vəzi xərçənginə yaxalana bilir. Ona görə də, sağlamlığa münasibətdə sayıqlığınızı heç vaxt əldən yerə qoymayın.
Bəzi xəstələrdə problem cərrahi əməliyyatdan sonra aradan qalxır. Bəzilərində isə müalicəni tamamlamaq üçün kimyəvi dərman müalicəsinə, radioterapiyaya və digər metodlara da ehtiyac olur. Bunu həkim müəyyənləşdirir. Bilin ki, yerli və ya sistem xarakteri daşıyan həmin müalicə vasitələrinin hər biri  sizin həyatınızı qorumaq üçündür. Cəsarətli olun. Əhval-ruhiyyənizi yüksək tutun və orqanizminizi bədbin duyğuların əsarətinə verməyin. SVX-yə qalib gələcəyinizə inanın və xəstəliklə mübarizədə əzmkar olun.
Yerli müalicə süd vəzindəki törəməni aradan qaldırmağa və ya kiçiltməyə yönəlir. Bu, cərrahi yolla, ya da şüa verilməsi vasitəsilə həyata keçirilir. Sistem müalicə dedikdə isə kimyəvi dərman müalicəsi, hormonal müalicə və immunoterapiya nəzərdə tutulur. Həmin müalicələr qan dövranı vasitəsilə bədənin bütün nahiyələrindəki şiş hüceyrələrini məhv edir və yaxud nəzarətdə saxlayır. Süd vəzi xərçəngindən əziyyət çəkənlərin bir qismi radioterapiyadan və yaxud cərrahi müdaxilədən öncə törəməni kiçiltmək üçün sistem müalicəsi qəbul edir. Digər qismi isə lokal (yerli) müalicədən sonra törəmə yenidən əmələ gəlməsin deyə, sistem müalicə alır. Bu metod yayılmış süd vəzi xərçənginin müalicəsində də tətbiq edilir.
SVX ona görə müasir təbabətin aktual problemi olaraq qalır ki, həm son onilliklərdə bu diaqnozla xəstələnmə halları çoxalıb, həm də aparılan müalicələr nəticəsində qadınların rastlaşdığı çətinliklər tibb elmindən öz həllini gözləyir. Əsasən mənəvi-psixoloji mahiyyət daşıyan həmin çətinliklər sırasında kimyəvi terapiyadan sonra saçın tökülməsi, xarici görünüşün və həyat tərzinin dəyişilməsi, əgər döş kəsilib götürülübsə qadında özünü qiymətləndirmə dərəcəsinin aşağı düşməsi kimi faktorları qeyd edə bilərik. Bunlar vəziyyəti daha da dramatikləşdirir. Əlbəttə, hər bir qadın gözəlliyinə gözəllik qatan döşlərinin yerində qalmasını istəyər. Amma unutmayaq ki, həyatımız görünüşümüzdən daha qiymətlidir, yaşamaq əsl hünərdir. 
Yüzlərlə xəstə ilə təmasda olmuş onkoloq kimi deyə bilərəm ki,  mammoqafik skrininq sayəsində xəstəliyi erkən mərhələdə aşkarlayaraq öncə orqansaxlayıcı əməliyyatlardan, sonra isə  şüa müalicəsindən istifadə etməklə bu problemi qismən həll etmək mümkündür, yəni döşünüzü saxlamaq olar. Lakin bir sıra obyektiv və subyektiv səbəblərdən həmin prosesi aparmaq hər zaman mümkün olmadığından hələ də ölkəmizdə aparılan əsas cərrahi müdaxilə mastektomiya əməliyyatıdır.
Cərrah planlaşdırılan əməliyyatın növünü təyin edərkən xəstəliyin hansı inkişaf mərhələsində olduğunu, əsasən də birincili şişin ölçüsünü və lokalizasiyasını nəzərə alır. Törəmənin ölçüsünün süd vəzinin ölçüsünə olan nisbətinə diqqət yetirir. Bu məqamda xəstənin yaşı da mühüm rol oynayır. Yəni həm xəstəliyin proqnozu, həm də döşün saxlanılmasının xəstə üçün vacibliyi nəzərə alınır. Süd vəzinin formasına və bu orqanın saxlanılmasına təsir edən digər faktorlara diqqət yetirilir. Bütün bunları tibbi və insani baxımdan saf-çürük edəndən sonra cərrah iki yoldan birini seçir: ya radikal mastektomiya (döşün kəsilib götürülməsi), yaxud lampektomiya və kvadrantektomiya həcmində orqansaxlayıcı əməliyyat  taktikasını tətbiq edir.
SVX ilə mübarizədə bu mərhələyə gəlib çatıbsınızsa bilin ki, orqansaxlayıcı əməliyyatlar əsasən xəstəliyin erkən mərhələsində (I və II mərhələdə) tətbiq oluna bilər. Döşünüzdə kiçik ölçülü törəmələr varsa, cərrahiyyə əməliyyatından sonra şüa müalicəsi ala bilərsinizsə, o halda döşünüzü qorumaq şansınız çoxdur. Bir məqamı da nəzərə alın ki, orqansaxlayıcı əməliyyatdan sonra eyni süd vəzində xəstəliyin yenidən əmələ gəlmə ehtimalı ildə 0,5%-dən 1 faizədəkdir. Bu da törəmənin onkoloji xüsusiyyətlərindən asılı  olaraq dəyişir.
Süd vəzi xərçənginin cərrahi yolla müalicəsində yalnız törəmənin çıxarılması kifayət etməz. Kanser kütləsinin götürülməsindən  əlavə qoltuqaltı limfa düyünləri də çıxarılmalıdır. Limfa düyünlərinin disseksiyası törəmənin götürülməsi  ilə eyni seansda, törəmənin yayılma dərəcəsini müəyyən etmək üçün aparılır. Limfa düyünlərində kanser hüceyrəsi müəyyən edilərsə, müalicə planı dəyişilməlidir.
Sonradan sürprizlərlə qarşılaşmamaq üçün əməliyyatdan əvvəl həkiminizlə ətraflı söhbət edin. Müalicə prosesinin gedişatı barədə dəqiq bilgi alın. Əməliyyatdan sonra kimyəvi dərman müalicəsinə ehtiyac olarsa, xəstə əvvəlcə kimyəvi terapiyanı, sonra isə şüa müalicəsini qəbul etməlidir. Şüa müalicəsi qəbul edəcəyinizə, müntəzəm surətdə davamlı olaraq yoxlama-nəzarət (kontrol) müayinələrinə vaxtlı-vaxtında gələcəyinizə həm həkiminiz, həm də özünüz əmin olmalısınız. Bir özünüzə də sual verin: mən bu prosesə hazırammı? Nəzərə alın ki, uzun müddət davamlı nəzarət altında olacaqsınız. Fiziki ağrılara, mənəvi sıxıntılara dözə biləcəksinizmi? Yaşamaq, doğmalarınızın yanında olmaq, həyatdan həzz almaq istəyirsinizsə, dözməlisiniz. Sarsılmadan qətiyyət göstərməlisiniz. Özünüzdə bu gücü tapın. İnsan oğlu çox güclü və iradəlidir. Bəzən adi günlərdə ağlımıza belə gətirə bilmədiyimiz gücü ekstremal vəziyyətlərdə müşahidə edir, özümüzə heyran qalırıq.  Özünüzə və gücünüzə güvənin.
Ümumiyyətlə, SVX-nin müalicəsi bir neçə mütəxəssis – onkoloq, radioloq, patomorfoloqlar tərəfindən aparılır. Xəstənin psixoloji vəziyyətini nəzərə alaraq əməliyyatdan əvvəl və sonra psixoloq və psixiatorların da konsultasiyasına ehtiyac  yarana bilər. Orqansaxlayıcı əməliyyatın icrası mümkün olmayan xəstələrdə mastektomiya  əməliyyatı yerinə yetirilir ki, bu zaman süd vəzi regionar limfa düyünləri ilə birlikdə blok şəklində kəsilib götürülür.
Mastektomiya – şiş kütləsinin ətrafındakı sağlam süd vəzi toxumasının regionar limfa düyünləri ilə birlikdə çıxarılması əməliyyatıdır. Bu halda xəstəliyin yenidən əmələ gəlməsi ehtimalı orqansaxlayıcı əməliyyatlara nisbətən 3-8% azdır.  Orqansaxlayıcı əməliyyatlarda şüa terapiyası mütləq vacib olduğu halda, mastektomiyadan sonra müəyyən göstərişlər olmazsa, şüa müalicəsi aparılmaya bilər. Şiş kütləsinin ölçüsü süd vəzinin ümumi ölçülərinə nəzərən böyük,  yaxud multisentrik (törəmənin sayının 1-dən çox olması) olduğu hallarda, əməliyyatdan sonra xəstənin şüa müalicəsi alması qeyri-mümkün olduqda mastektomiya əməliyyatının aparılması daha məqsədəuyğundur. Müasir dövrdə xəstənin öz toxumalarından   və yaxud protezlərdən istifadə etməklə  süd vəzində rekonstruktiv əməliyyatlar icra edilir. Yəni qadına süni döş qoyula bilir. Unutmayın, tibb elmi sizin üçün bu imkanları da yaradıb.
Kimyəvi dərman müalicəsi
Qadınları ən çox qorxudan müalicələrdən biri kimyəvi dərman  müalicəsidir. Bu terapiya xərçəng hüceyrələrini öldürən dərmanların damar yolu ilə bədənə yeridilməsindən və ya həb şəklində qəbul olunmasından ibarətdir. Həmin dərmanlar qan dövranına daxil olaraq bütün bədənə yayılır, beləcə uzaq orqanlara yayılmış xərçənglərin aradan qaldırılmasını təmin edir. Min təəssüf, bu preparatlar çox güclü təsirə malik olduqlarından xərçəng hüceyrələrini öldürərkən bəzi normal hüceyrələrə də zərər verə bilir ki, bu da yan təsirlərə yol açır... Lakin buna baxmayaraq, kimyəvi terapiya vacibdir. Düzdür, ağrılıdır, asan deyil. Amma vacibdir.
Nəzərə alın ki, xəstəliyin erkən mərhələlərində belə, xərçəng hüceyrələri SVX-dən qoparaq qan dövranı yolu ilə yayıla bilər. Bu hüceyrələr əlamətlərlə (simptomlarla) müşayiət olunmaya bilər, hətta rentgenoloji müayinələr zamanı görünməyə və fiziki müayinədə aşkar edilməyə bilər. Ancaq gizli-gizli, altdan-altdan öz işini görən bu mənfur hüceyrələr böyüməyə davam etsələr, bədənin başqa bölgələrində yeni şişlərin meydana gəlməsinə səbəb olarlar. Bax, kimyəvi dərman  müalicəsi məhz belə hüceyrələri tapıb məhv etmək üçün tətbiq olunur. Kimyaterapiya bütün orqanizmə təsir göstərən sistemli dərman terapiyasıdır.  Məqsədi də törəməni, damar və limfatik yolla başqa orqanlara yayılan şiş hüceyrələrini məhv etməkdən ibarətdir. Müasir dövrdə çoxsaylı kimyəvi dərman preparatları var. Əsas prinsipsə budur: daha sürətli bölünmə qabiliyyətinə malik olan şiş hüceyrələrini bu xüsusiyyətindən istifadə yoluyla məhv etmək və ya böyüməsinin qarşısını  almaq.
Cərrahiyyə əməliyyatından sonra kimyaterapiyanın tətbiqi döş xərçənginin yenidən əmələ gəlməsi ehtimalını azaldır. Kimyaterapiya cərrahiyyədən əvvəl də tətbiq edilə bilər.  Bu, birincili şişin kiçilməsini və beləcə daha asan çıxarılmasını təmin edər.
Bilin ki, SVX yeni aşkar edildikdə belə döşdə mikrometastazların varlığı ehtimal  olunur. Bu səbəbdən, son 30 ildə erkən mərhələdə süd vəzi  xərçənginin cərrahi müalicəsinə əlavə olaraq mikroskopik metastazları yox etməyi hədəf götürən qoruyucu (adyuvant) kimyaterapiya və hormonoterapiya təyin edilir. Sevindirici haldır ki, adı çəkilən müalicələr sayəsində həm xəstəliyin yayılma müddətində, həm də ümumi yaşama göstəricilərində yaxşılığa doğru dəyişmə müşahidə olunur. Yaxın vaxtlarda bunlara bir də bioloji müalicə əlavə olunub.
Həkim müvafiq bir adyuvant müalicə planını seçərkən bir sıra faktorlara diqqət edir: xəstənin yaşı, şişin diametri, qoltuq altındakı metastatik limfa düyünlərinin miqdarı, estrogen (ER) və progesteron (PR) hormon reseptorlarının ekspressiyası, xəstədəki digər xəstəliklər və HER2/neu geninin ekspressiyası müvafiq dərman sxemlərinin seçilməsində vacib rol oynayır. Qeyd edək ki, hormon reseptorları neqativ olan SVX zamanı antiestrogen müalicədən istifadə edilmədiyi kimi, HER2/neu gen ekspressiyası mənfi olan SVX-də də  trastuzumab adlı bioloji müalicədən istifadə edilməsinin heç bir faydası yoxdur.
Optimal  kimyəvi dərman müalicəsinin  müddəti 4-6 aydır. Müalicə sxemi seçilərkən dərmanların kənar təsirlərinə və xəstənin digər xəstəliklərinə mütləq diqqət edilməlidir. Xəstə bilməlidir ki, kimyaterapiya nəticəsində saç tökülməsi, ürəkbulanma, qusma, halsızlıq, ishal və ya qəbzlik, aybaşı nizamsızlıqları, dırnaq və dəri dəyişiklikləri, həmçinin erkən menopauza riski var. Amma bu kənar təsirlərin çoxu keçicidir, yəni müvəqqətidir. Müalicə əsnasında ən çox diqqət çəkən məsələlərdən biri də infeksion xəstəliklərə qarşı alınacaq tədbirlərdir.
Hormonoterapiya
Kimyaterapiya bitdikdən sonra hormonal reseptorları müsbət olan xəstələrə hormon müalicəsi təklif edilir. Reproduktiv dövrdə olan xəstələrə 5 il müddətinə   selektiv antiestrogen olan Tamoksifen təyin edilir. Həmçinin 40 yaşın altında olan xanımlara, ən az 2 il müddətlə, yumurtalıq funksiyasını müvəqqəti olaraq dayandıracaq dərmanlar verilir. Menopauza dövründə olan xəstələrin adyuvant hormon müalicəsində Tamoksifenlə yanaşı, aromatazanın inhibitorlarından da istifadə etmək mümkündür. Bu gün istifadə olunan 3 növ aromatazanın ingibitoru vardır; anastrazol, letrozol və eksemestan. Bu dərmanların istifadəsi zamanı nizamlı ginekoloji müayinələrdən keçmək vacibdir, osteoporozla əlaqədar  xəstələrə illik nəzarət edilməsi, xüsusilə aromatazanın inhibitorlarından istifadə zamanı qan serumunda xolesterol səviyyələrinin yoxlanılması lazımdır. Yadınızda saxlayın ki, Tamoksifenlə bağlı qara ciyərdə piylənmə, atəş basması, çox nadir də olsa uşaqlıq xərçəngi, damar tıxanmaları və görmə pozğunluqları ola bilər.
Radioterapiya
Radioterapiyada yüksək enerjili şüalar (x şüaları kimi) vasitəsilə xərçəng hüceyrələri məhv edilir və ya kiçildilir. SVX-nin müalicəsi üçün həm xarici, həm də toxumadaxili şüa verilə bilər. Radioterapiya cərrahiyyə əməliyyatından  sonra  süd vəzində, döş qəfəsinin ön səthində və ya qoltuqaltı nahiyədə qalan xərçəng hüceyrələrini aradan qaldırmaq üçün istifadə edildiyi kimi, daha az sıxlıqla cərrahi əməliyyatdan əvvəl şişin kiçildilməsi üçün də tətbiq oluna bilir.
Şüa müalicəsinə əməliyyatdan təxminən bir ay sonra başlanılır, 6 və ya 7 həftə boyunca həftənin 5 günü davam edilir. Hər seans bir neçə dəqiqə çəkir. Şüa müalicəsi ağrısızdır. Bu terapiyanın ən əhəmiyyətli yan təsirləri süd vəzində  şişlik və ağırlıq hissi, müalicə tətbiq olunan bölgədə günəş yanığına bənzər dəyişikliklər və halsızlıqdır. Bilin ki, süd vəzi toxumasında və dəridə meydana gələn dəyişikliklər, ümumiyyətlə, 6 aydan 12 ayadək müddətdə itir. Bəzi qadınlarda isə müalicədən sonra süd vəzi  daha kiçik və daha möhkəm hala gəlir.
Gördüyünüz kimi, sağlamlığınıza həssas yanaşma, xəstəliyin müalicəsinə ağıllı və təmkinli münasibət sayəsində süd vəzi xərçənginə də qalib gəlmək mümkündür. İradəli olun və xəstəliyə deyin: “SVX, mən səndən güclüyəm!”

Günay Əhmədova onkoloq,
tibb üzrə fəlsəfə doktoru

7.3.16

Süd vəzi xərçəngindən necə qorunaq?

XXI əsrin Azərbaycan qadını ictimai-siyasi həyatda çox nailiyyətlərə imza atıb. Bu gün o yalnız evdar xanım və ana deyil, cəmiyyət həyatında yaxından iştirak edən vətəndaşdır, xalqın və millətin uca tribunalardakı təmsilçisidir. Lakin qazandığı bütün nailiyyətlərlə yanaşı o, ilk növbədə qadındır. Zərif, gözəl və yaraşıqlı məxluq. Görkəmində qadını kişilərdən fərqləndirən ilk əlamət bəşər övladına süd verən döşləridir. Tibbi dildə desək, süd vəziləri. Təəssüf ki, qadına xüsusi yaraşıq verən, sıx-sıx poeziyanın predmetinə çevrilən bu orqan lazımi qulluq, baxım görmədikdə qadının baş bəlasına da çevrilə bilir. 
Müasir dövrdə süd vəzi xəstəliklərindən əziyyət çəkən qadınlara tez-tez rast gəlinir. Klinik onkologiyanın ən mühüm problemlərindən olan süd vəzi xərçəngi (bundan sonra SVX) dünyada qadınlar arasında bədxassəli şişlərlə xəstələnmənin strukturunda birinci yeri tutur. Hər il dünyada SVX diaqnozu ilə 1 milyondan çox xəstə qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yaşı 30-dan yuxarı olan hər 2 qadından birində süd vəzinin bu və ya digər şişinə rast gəlinir (bu şişlərin 30-dan çox növü məlumdur). Təbabətdə SVX probleminə böyük diqqət ayrılsa da, indiyədək nə bu xəstəliyin qarşısı alınıb, nə də ölüm halları azalıb. Statistikaya görə, bədxassəli şişlərdən dünyasını dəyişən qadınların ölüm strukturunda süd vəzi xərçəngi 2-ci yeri tutur.


Bəs nə etməli? Bu dəhşətli xəstəlikdən necə qorunmalı?
İlk növbədə onu bildirmək istəyirəm ki, SVX-nin erkən mərhələdə dəqiq diaqnostikası və vaxtında göstərilən tibbi yardım bu xəstəlikdən ölüm hallarının azalmasına gətirib çıxara bilir. Həmin diaqnostika bir sıra müayinə üsullarının kompleks istifadəsi əsasında həyata keçirilir: anamnez, fiziki müayinə (baxış və palpasiya, yəni əllə yoxlama), rentgenoloji üsullar (mammoqrafiya, duktoqrafiya, pnevmosistoqrafiya, kompüter tomoqrafiyası-KT), ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiya (MRT), morfoloji (sitoloji və histoloji) və laborator müayinə.
Xəstəliyi ilkin mərhələdə aşkarlamaq üçün hər bir qadın öz orqanına qarşı diqqətli olmalıdır. Süd vəzində aşağıdakı əlamətlərdən hər hansını müşahidə etdikdə mütləq onkoloqa müraciət edin:
Süd vəzində, yaxud qoltuqaltında əllənən törəmə (sərtlik, şişkinlik) varsa;
Süd vəzinin giləsindən qanlı, yaxud şəffaf rəngli ifrazat gəlirsə;
Süd vəzinin giləsi daxilə dartılıb, çöküb, yaxud quruluşu dəyişilibsə;
Süd vəzi giləsinin dərisində soyulma, qabıqlanma əmələ gəlibsə;
Süd vəzinin özünün dərisində yara və yaxud qızartı peyda olubsa;
Süd vəzinin dərisində ödem, şişkinlik, yaxud dərinin daxilə dartılaraq portağal qabığına bənzəməsi halı varsa;
Süd vəzində böyümə, quruluşun və ya rəngin  dəyişilməsi, asimmetriya müşahidə olunursa.
Nəzərinizə çatdırım ki, süd vəzində hər hansı hüceyrənin atipikləşərək xərçəngə çevrilməsi uzunmüddətli prosesdir. Qadın törəmədən o vaxt xəbər tutur ki, şişin ölçüsü artıq 1sm-ə çatmış olur və əllə toxunarkən hiss edilir. Onkoloji  törəmə əsasən sərt konsistensiyalı, qeyri-dəqiq kənarlara malik, kələ-kötür səthli və məhdud hərəkətli olur. Bəzi hallarda isə süd vəzinin bədxassəli şişi təsadüfi USM və yaxud mammoqrafiya müayinəsi nəticəsində aşkar edilir. Xəstəlik sizi qəfildən yaxalamasın deyə, yuxarıda sadaladığımız əlamətlərə fikir verin.
Son onilliklərdə bir çox amillər dünya miqyasında onkoloji xəstəliklərin artmasına təkan verib. Ekoloji fəlakətlər, atmosferin ozon qatının deşilməsi, havanın  çirklənməsi, stressin və gərginliyin artması, əsəb pozğunluqları, fərdin ruh düşkünlüyü, geni dəyişdirilmiş və ya mənşəyi bəlli olmayan qida məhsulları və s. Bu sırada obyektiv amillərə gücümüz çatmasa da, subyektiv amilləri aradan qaldırmaq özümüzdən asılıdır. Ona görə də sağlamlığımıza diqqət etməli, ağır xəstəliklərə düçar olmağı özümüzə rəva bilməməliyik. Əvvəla, ehtiyac duyduq-duymadıq, vaxtaşırı müayinə olunsaq çox fəsadların qarşısını vaxtında ala bilərik. Çünki ən yaxşı müalicə profilaktikadır.  İkincisi, deyək ki xəstəlik bizi yaxalayıb. Bu halda ruhdan düşmək, ya da biganəlik göstərmək yolverilməzdir. Dərhal bu sahənin mütəxəssisi olan həkimlə birgə xəstəliyə qarşı mübarizə aparmalıyıq. Necə? Əlbəttə, öncə dəqiq diaqnozun qoyulmasına nail olmalıyıq. Bu, işin yarısı deməkdir.
Həkimin göndərişi qarşısında tərəddüd edən qadınlara çox rast gəlirik: kimisi rentgen mammoqrafiyasından çəkinir, kimisi USM-ə inanmır, kimisi də biopsiyanı təhlükəli sayır... Nəzərə almalıyıq ki, bu müayinələr olmadan müalicə səmərə verə bilməz. Belə tərəddüdlərə son qoymaq üçün hər bir qadın bilməlidir ki, həmin aparatlar nəyə xidmət edir.
Məlumat üçün bildirək ki, şüa diaqnostikası üsulları son illər bu sahədə mühüm yerlərdən birini tutur. Onlar arasında ən geniş yayılmışları mammoqrafiya və USM-dir. Mammoqrafiya müayinəsi süd vəzindəki patoloji dəyişiklikləri qeydə alır, SVX-nin erkən mərhələsində, yəni palpasiya edilməyən mərhələsində belə yaranmış törəməni təyin edir. Mammoqrafda süd vəzi toxumasının kompressiyası həyata keçirilir.
Çəkiliş adətən 2 proyeksiyada – düz və  yan proyeksiyalarda aparılır. Bu müayinə vasitəsilə həmin orqanda gedən dəyişikliklərin diffuz və ya ocaqlı olması müəyyənləşdirilir; şiş törəməsi aşkar edildikdə onun ölçüsü, forması, strukturu, sıxlığı və konturları dəqiqləşdirilir. Həmçinin mammoqrafiya vasitəsilə şişin mikrokalsinatlarını müəyyənləşdirmək, dərinin, gilənin və retromammar sahənin vəziyyətini qiymətləndirmək, qoltuqaltı nahiyədə metastatik limfa düyünlərini aşkar etmək mümkün olur. Hər iki süd vəzində müayinənin aparılması həkimə imkan verir ki, xəstələnmiş orqanla sağlam süd vəzini müqayisə edə bilsin. Onu da bilmək lazımdır ki, mammoqrafiyanı aybaşı tsiklinin birinci fazasında – 5-12-ci günlər arası həyata keçirmək daha məqsədəuyğundur. Menopauzada olan qadınlar isə bu müayinəni istənilən vaxt etdirə bilərlər.  
SVX zamanı mammoqrafik mənzərə birincili (birbaşa) və ikincili (dolayı) əlamətlərlə xarakterizə olunur. Birincili əlamətlərə şiş kölgəsinin xarakteri və mikrokalsinatların toplanması aiddir. Süd vəzi toxumasında mikrokalsinatların toplanması SVX-nin qeyri-invaziv (lat. invadere – “içəri, daxilə girirəm”, “təcavüz”) formasından şübhələnməyə əsas versə də bu, mütləq patoqnomonik simptom hesab edilmir. İkincili əlamətlərə isə dəri, gilə və şişi əhatə edən toxumalardakı simptomlar aiddir.
Xanımlar bilməlidir ki, diaqnoz qoyulmasında mammoqrafiyanın səmərəliliyi xəstənin yaşından, süd vəzi toxumasının rentgenoloji sıxlığından da asılıdır. Cavan qadınlarda bu sıxlıq çox olduğundan skrininq (ing. screening – seçim, çeşidlənmə) mammoqrafiyanın həssaslığı 40-59 yaşlı qadınlar arasında 77,3% təşkil edir. İnsan yaşlandıqca süd vəzi toxumasının rentgenoloji sıxlığı zəiflədiyindən aparatın həssaslığı daha da artır, yəni 70-89 yaşlı qadınlar arasında müayinənin dəqiqliyi 93,8% təşkil edir. Bu baxımdan nəzərə almalıyıq ki, süd vəzi toxumasının rentgenoloji sıxlığı yüksək olan qadınlarda müayinənin həssaslığı  55%-ə,  çox yüksək olan qadınlarda isə 30% ə qədər azala bilir.
Əgər döşün giləsindən ifrazat (az və ya çox) gəldiyini görürsünüzsə, həmin ifrazat qanlıdırsa və siz əlinizlə yoxlayarkən şiş aşkar edə bilmirsinizsə, o halda sizin duktoqrafiya (qalaktoqrafiya) müayinəsindən keçməyiniz daha məsləhətdir. Pnevmosistoqrafiya vasitəsilə müayinə isə süd vəzisində sista olduqda, sistadaxili patoloji artımları təsdiq və ya inkar etmək məqsədilə aparılır.
Qeyd edək ki, süd vəzi xəstəliklərinin diaqnostikasında USM-in (ultrasəs müayinəsi) xüsusi yeri var. Praktika göstərir ki, SVX-nin skrininq müayinəsində USM-dən istifadə edilməsi diaqnoz qoyulmasında dəqiqlik faizini yüksəldib. Belə ki, risk qrupuna daxil olan qadınların hər 1000 nəfərində bu xəstəliyin aşkarlanması 1,1 hal artıb. Yəni nəticələr daha dəqiqdir. USM-in ən üstün cəhətlərindən biri budur ki, şüa yükü azdır, bu müayinəni təkrar-təkrar  keçirmək olar və zərərsizdir və bu müayinədə  bədxassəli şişlərin paycıqları da aşkarlanır. (Yalnız şişin yayılmış olduğu hallarda  şiş və piy toxuması arasında  ultrasəs kontrastlıq zəiflədiyindən müayinənin effektivliyi qismən azalır.) Qabarıq çapıq dəyişikliklərində də USM-in informativliyi qənaətbəxşdir.
USM və doppleroqrafiyadan ibarət  kompleks müayinə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Dediyimiz fikri rəqəmlərlə ifadə etdikdə görürük ki, xoşxassəli törəmələrin (həmçinin maye tərkibli törəmələrin) aşkar edilməsində kompleks müayinənin həssaslığı 78%, orta hesabla isə USM və doppleroqrafiyanın birgə kombinasiyasının həssaslığı və spesifikliyi 95%-dir. Bundan əlavə USM törəmənin ətrafındakı qan damarlarının sıxlığını təyin etməyə, invaziv müdaxilə (məsələn, USM nəzarətində punksiya və s.) həyata keçirməyə imkan verir.
Onu da bilmək lazımdır ki, SVX-nin müəyyənləşdirilməsində USM mammoqrafiya ilə yanaşı metod kimi yararlıdır. O, bir çox mikrokalsinatların, xüsuslə süd vəzilərinin in situ axacaq xərçəngi üçün xarakterik olan mikrokalsinatların diaqnostikasında mammoqrafiyanı əvəz edə biməz. Amma əgər qadın hamilədirsə, ya da körpəsinə süd verirsə, həmin halda diaqnoz qoyulması üçün USM yeganə metoddur.
Bir vacib məqam da var: döşünüzdəki patologiyanın süd vəzi xərçəngi olduğuna 100% əmin olmaq üçün mütləq və mütləq histoloji və patohistoloji müayinələrdən keçməlisiniz. Bəzən xəstələrdə belə bir qorxu olur ki, döşümə punksiya edildikdən sonra xərçəng yayıldı və ya bıçaq dəydikdən sonra artdı... Onkoloq kimi sizi əmin edirəm ki, bu fikirlərin heç bir elmi əsası yoxdur! Bilin ki, ultrasəs müayinəsi vasitəsilə süd vəzində əllə hiss olunmayan şişi təyin etmək olur, ancaq onu dəqiqliklə xərçəng adlandırıb xoşxassəli törəmələrədən  diferensiasiya etmək mümkün olmur. Buna görə də bir sıra alimlər mütləq olaraq biopsiya keçirilməsinə tərəfdar çıxırlar. Doğrudur, praktikada gərəksiz biopsiyaların keçirildiyinə də rast gəlirik. Bunlar təəssüf doğuran hallardır. Amma yoxlamamış əmin olmaq da olmur. Ona görə də, belə müayinələrdən qorxmaq lazım deyil. Əsas məsələ xəstəliyi vaxtında aşkarlamaqdır, dəqiq diaqnozun qoyulmasıdır və inamla bu bəlaya qarşı mübarizə aparmaqdır. Heç vaxt inamınızı itirməyin. Çünki əhval-ruhiyyəniz, psixoloji durumunuz xəstəliyə qalib gəlməkçün vacib şərtdir. Həkiminizə və qəbul etdiyiniz müalicəyə inamınız möcüzələr yarada bilər.
Müasir təbabətdə bir sıra digər üsullardan da geniş istifadə edilir.  Elastoqrafiya adlanan yeni USM metodikası var ki, bu, süd vəzi toxumasının sərtliyinin dəyişməsini qiymətləndirməyə imkan verir. Əgər standart rentgen mammoqrafiyası aşkar edilmiş düyünün təbiətini birmənalı olaraq əks etdirə bilmirsə və USM gözlənilən nəticəni vermirsə, o zaman daha böyük həssaslığa malik olan dinamik maqnit-rezonans mammoqrafiyasından (MRT) istifadə edilir. İnformativliyi yüksək olan bu aparatda kontrast maddənin toplanma intensivliyi düyünlü törəmələrin xoşxassəli və bədxassəli təbiətini diferensiasiya etməyə imkan verir. SVX-nin aşkar edilməsi üçün mammossintiqrafiya, pozitron-emission tomoqrafiya (PET) deyilən diaqnostika metodları da var. Radiotermoqrafiya metodu isə dəridə temperaturun lokal dəyişikliklərinin qiymətləndirilməsinə əsaslanır.
Onu da qeyd edək ki, şüa diaqnostika müayinələrində nəticələrin dəyərləndirilməsi üçün BİRADS (Breast İmaging Reporting and Data System) risk kateqoriyalarından istifadə olunur. BİRADS-0 o deməkdir ki, xəstənin əlavə müayinəyə ehtiyacı var. BİRADS-1 – vəz toxuması normaldır, zədələnmə əlamətləri qeyd edilmir. BİRADS-2 göstərir ki, süd vəzində xoşxassəli dəyişikliklər var və ya xoşxassəli törəmə qeydə alınıb.
Bu halda qadın mütləq hər 6-12 aydan bir kontrol müayinədən keçməlidir. BİRADS-3 risk kateqoriyasında xoşxassəli törəmədə xərçəngin olması ehtimalı 2%-dən az olsa da, qadın 3 aydan sonra təkrar müayinədən keçməlidir. Həmin müddətdə isə mütləq həkimin təyin etdiyi konservativ müalicə kursunu yerinə yetirməlidir. Bu halda laqeydliyə yol vermək gələcəkdə arzuolunmaz nəticələrə səbəb ola bilər. BİRADS-4 biopsiyanın (mikroskopik tədqiqat üçün patologiyalı orqandan toxuma kəsilib götürülməsi) keçirilməsi zərurətini meydana qoyur. Çünki törəmənin bədxassəli olması ehtimalı 2%-dən yüksək, 95%-dən aşağı olsa da, həkimin düzgün müalicə təyin edə bilməsi üçün diaqnozun morfoloji təsdiqlənməsi vacibdir. BİRADS-5 95%-dən yüksək ehtimalla bildirir ki, döşdəki törəmə bədxassəlidir. BİRADS-6-da xərçəng diaqnozu morfoloji olaraq təsdiq edilmiş sayılır. Bu zaman mammoqrafiya kimyəvi terapiya və cərrahi müalicəyə başlanmazdan əvvəl tətbiq edilir.
İtirilmiş sağlamlığı bərpa etmək və xəstəliyə qalib gələ bilmək üçün bu söhbətdə sadaladığımız müayinələrin hər birinin özünəməxsus rolu var. Öncə müayinə, dəqiq diaqnoz, sonra isə əsaslı müalicə. Yorulmadan, usanmadan müalicə prosesini intizamla başa vurmaq. Unutmayın ki, vaxtında aşkar olunan xəstəlik və düzgün aparılan müalicə sizin həyatınızın qarantıdır. Müasir səhiyyənin nailiyyətləri barədə nə qədər çox məlumatlı olsanız, sağalmaq yolunda qətiyyət göstərsəniz həm süd vəzilərinizi, həm də həyatınızı qoruya bilərsiniz.

Günay Əhmədova,
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası

3.3.16

Ancelina Coli süd vəzi xərçəngindən necə yaxa qurtardı?


Oxucumuz Nazlı R. xanım soruşur ki, tanıdıqlarımız arasında süd vəzi xərçəngindən qurtaran varmı. Əlbəttə, var! Elə biri – hamının tanıdığı Hollivud ulduzu Ancelina Coli! Yəqin ki, bu ad sizə də yaxşı tanışdır. Məşhur amerikan aktrisası, prodüser, rejissor və ssenarist, fotomodel, BMT-nin xoşməramlı səfiri Ancelina Coli “Oskar” mükafatının və 3 “Qızıl Qlobus”un laureatıdır. Həyat yoldaşı Bred Pittlə birgə Hollivudun ən yaraşıqlı cütlüyü sayılan bu 40 yaşlı xanım karyerasını qurana qədər çox çətinliklərdən keçib. Kino ulduzu kimi parlayandan və böyük pullar qazanandan sonra da həyatın müxtəlif sınaqları ilə üzləşib. 
Xəstəlik varlıya, kasıba baxmır. O, hamının qapısını döyə bilər. Ancelina ilə də belə oldu. Unutmayıbsınızsa, ötən söhbətimizdə risk faktorlarından söz açmış, kimlərin süd vəzi xərçənginə (SVX) düçar olma ehtimalının daha çox olduğu barədə elmi qənaətləri sizinlə bölüşmüşdük. Bildirmişdik ki, anasında, bacısında, xalasında SVX olan qadınlarda bu xəstəliyin əmələ gəlməsi riski daha böyükdür.
Düzdür, bir ailədə 2 və ya 3 nəfər xərçəng xəstəsi olduğu hallarda belə, xərçəngin təsadüfən yarana biləcəyi yaddan çıxmamalıdır.  Lakin bilməlisiniz ki, ailədə birinci dərəcəli doğmalar arasında SVX-nin olması bu xəstəliyə tutulma riskini artırır. Bu cür ailələrdə yumurtalıq və yoğun bağırsaq xərçənginə tutulma riski də yüksək olur. Məsələn, ailəsində müəyyən yaş dövründə SVX olmayan qadınlarda bu xəstəliyə tutulma riski 6%-dirsə, yaxınları döş xərçənginə tutulmuş qadınlarda bu ehtimal 11%-dir. Elmi təbabətdə belə bir düşüncə var ki, süd vəzi xərçəngi olan bütün xəstələrin  5-10 faizi (və ya bir qədər az) SVX-nin genlərindən birində baş verən dəyişilmə (mutasiya) ilə əlaqədardır. Bu günə qədər elmdə ailəvi süd vəzi xərçəngi ilə əlaqədar iki gen aşkar edilib: BRCA1 və  BRCA2. Bu genlərin hər ikisi hüceyrə DNT-sində meydana gələn zədələri təmir edən genlərdir. Əgər bu iki gendən birində hər hansı bir zədələnmə ( mutasiya) baş veribsə, o zaman DNT-nin təmiri kifayət qədər olmadığına görə süd vəzi xərçənginin əmələ gəlmə riski yüksəlir. Genlərdəki bu mutasiya irsi yolla ana və atadan övladlarına keçir. Bu cür mutasiyalı gen daşıyan qadınların ömrü boyu xərçəng xəstəliyinə yoluxma ehtimalı 87% kimi yüksək rəqəmlərlə xarakterizə olunur. Və həmin  qrupdakı qadınlarda SVX daha erkən yaşlarda meydana çıxır (70% halda 45 yaşından əvvəl). Bu zaman qadının bir neçə birinci dərəcəli yaxınında (anası, bacısı, qızı) SVX-yə rast gəlinir. Bu tip xərçəng adətən (yəni 65%) hər iki süd vəzini zədələyir. Belə hallarda xəstələrin 50%-də süd vəzi xərçəngi ilə yanaşı  yumurtalıq xərçəngi də inkişaf edir. 
 Anasını (56 yaşında) və xalasını cavan yaşda xərçəngdən itirən Ancelina Coli də məhz bu məqamları nəzərə alaraq özünü yoxlatdırmış (qanındakı BRCA1 və BRCA2 genlərini) və həkimlərin dediyinə görə, 87%  süd vəzi xərçənginə, 50% yumurtalıq xərçənginə tutulma ehtimalının olduğunu aydınlaşdırmışdı. Altı uşaq anası olan bu cəsur qadın övladlarını anasız buraxmamaq və həyatını rahat davam etdirmək, sevimli işi ilə məşğul olmaq üçün çox cəsarətli bir qərar aldı. Sonradan “Nyu York Tayms” qəzetinə verdiyi müsahibədə bildirdiyinə görə, 38 yaşında ikən  xəstəliyin qarşısını almaq üçün ikitərəfli mastektomiya cərrahiyyə əməliyyatı vasitəsilə döşlərini ləğv etdirdi və yerinə implant qoydurdu. O zaman bu xəbər mətbuatda geniş yer almışdı. Özünün dediyinə görə, cərrahiyyə əməliyyatının yeri demək olar ki, heç hiss olunmur. Döşlərini kəsdirəndən bir müddət sonra xərçəng xofundan tamam qurtarmaq üçün A.Coli ikitərəfli ovarioektomiya (yumurtalıqların əməliyyatla götürülməsi) deyilən cərrahi əməliyyatla yumurtalıqlarını çıxartdırdı.
Həmin müalicələr nəticəsində aktrisanın xərçəngə tutulma ehtimalı 87%-dən 5%-ə endi. Ancelina uşaqlarını vaxtsız tərk etmə qorxusunu birdəfəlik dəf etdi və bir ömür boyu onların qayğısına qalma şanslarını yüksəltdi.
İnsan iradəsi çox şeyə qadirdir. Bunu yaşadığımız həyat boyunca dəfələrlə görür, müşahidə edirik. Yüz minlərin sevimlisi olan aktrisa Ancelina Colinin timsalında bir daha yəqinləşdirdik. Coli-Pitt soyadını daşıyan üç doğma – bioloji (qızları Şaylo Nuvel, Vivyen Marşelin və oğlu Noks Leon) və üç götürülmüş (oğulları Meddoks Şivan, Paks Tien və qızı Zaxara Marli) övlad sahibi olan aktrisa iki ağır əməliyyat keçirməsinə baxmayaraq, bu gün də gözəldir və ruh yüksəkliyi ilə həyatını davam etdirir. Üstəlik suriyalı qaçqınları düşünür. Bu səbəbdən bəzən yemək yeməyi unudur. Aclığını bir ovuc fındıqla, ya da meyvə ilə aradan qaldırır.
Mastektomiya əməliyyatından qorxan qadınlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, Ancelina Coli əvvəllər olduğu kimi, indi də dünyanın ən gözəl, seksual qadınları onluğunda ilk yerlərdən birini tutur. Ona görə də, sağlamlaşmaqdan çəkinməyin. Ailənizdə aşağıdakı hallar varsa, daha diqqətli olun:
· Ailənin eyni qanadından iki və ya daha çox yaxın qohum (ana, ata, bacı, qardaş, uşaq) xərçəng xəstəliyinə tutulubsa;
· Ailənin bir üzvü erkən yaşda (40 yaşdan əvvəl) SVX-yə tutulubsa; (Məsələn, anası 37 yaşında SVX-yə tutulan qadının bu xəstəliyə tutulma riski ailəsində SVX olmayan qadınlara nisbətən 3 dəfə daha yüksəkdir. Anası 50 yaşında bu xəstəliyə tutulubsa, o zaman ehtimal 1,5 dəfə yüksək olur. Yəni qan qohumunuz nə qədər cavan yaşda bu xəstəliyə tutulubsa, sizin də bu xəstəliyə tutulma riskiniz çoxalır.)
· Ailənin bir üzvündə iki növ xərçəng xəstəliyi aşkar edilibsə (məsələn süd vəzi və yumurtalıq xərçəngi); (Əgər ananın yaşı 40-dan aşağıdırsa və hər iki süd vəzində xərçəng müəyyən edilibsə, qızının bu xəstəliyə tutulma ehtimalı 10 dəfə, 40 yaşdan yuxarıdırsa 5 dəfə çoxalır.)
· Atada və qardaşda döş vəzi xərçənginin olması sizin də tutulma riskinizi artırır;
· Ailənin  eyni  qanadında (ananın ailəsində və ya atanın ailəsində) süd vəzi və yumurtalıq xərçəngi varsa.
Bilin ki, hər kəs ata-anasından bir ədəd BRCA1 geni almaqdadır. Bu qayda  BRCA2 geninə də aiddir. Ata və anadan uşağa normal və yaxud mutasiyalı (dəyişilmiş) döş vəzi xərçəngi geni keçə bilər. Anada və ya atada mutasiyalı bir gen varsa, hər uşağa bu genin keçmə ehtimalı 50%-dir və bu ehtimal uşağın cinsiyyətindən asılı deyil.
Onu da bilin ki, ailəsindən mutasiya keçirmiş BRCA geni qəbul edənlərin heç də hamısı süd vəzi xərçənginə tutulmur. Sadəcə, BRCA genində mutasiyanın olması xərçəng xəstəliyinə tutulma ehtimalını artırır. Ailədə SVX olduğu halda sizin qan qohumluğunuzun yaxınlıq dərəcəsi və o şəxsin xəstəliyə hansı yaşda tutulduğu mühüm əhəmiyyət kəsb edir. Belə ki, bibinizin, yaxud ananızın xəstə olmasının sizə təsiri fərqli olduğu kimi, ananızın xəstəliyə 40 yaşında, yoxsa 80 yaşında  tutulması da fərqli təsir göstərir. Bir məqamı da yadda saxlayın ki, genetik süd vəzi xərçənginə əsasən gənc yaşlarda rast gəlinir. Ailədə 40 yaşdan əvvəl xərçəngə  tutulma halı varsa, bunun genetik xərçəng olma ehtimalı yüksəkdir. Yadda saxlayın:
· Bir qadının BRCA1 genində dəyişiklik (mutasiya) varsa, yaşamının müəyyən dövründə süd vəzi, yaxud yumurtalıq xərçənginə tutulma ehtimalı 80%-ə qədər yüksəlir.
· BRCA2 genində mutasiya baş vermiş qadının süd vəzi xərçənginə tutulma ehtimalı 60%-ə qədər yüksəlir. Bu xəstələrin yumurtalıq xərçənginə tutulma ehtimalı da çoxalır.
· Ailədən  mutasiyalı BRCA1 və ya BRCA2 geni  almayan qadının xərçəng xəstəliyinə tutulma ehtimalı başqa qadınların xəstəliyə tutulma ehtimalına bərabərdir və əlavə müayinələrə ehtiyacı yoxdur.
Ona görə də, ailəsində süd vəzi xərçəngi olan qadınlara onkoloji cəhətdən sayıq olmağı və əvvəlki söhbətlərimizdə haqqında bəhs etdiyimiz simptomlara (əlamətlərə) diqqət yetirməyi məsləhət görürük.
· Süd vəzilərini 18 yaşından etibarən hər ay əllə müayinə etmək;
· Menstrual tsiklin ayrı-ayrı vaxtlarında tibbi müayinələrdən –USM-dən keçmək;
· 25 yaşından sonra hər 6 aydan bir mammoloqun konsultasiyasına getmək; 35 yaşdan sonra  isə ildə 2 dəfə mammoqrafiyadan keçmək;
· 35 yaşdan sonra ildə 2 dəfə yumurtalıqların USM-i və ildə 2 dəfə qan serumunda CA125-i yoxlatmaq;
· Profilaktik dərialtı mastektomiya və dərialtı implantın qoyulması (30-35 yaşından sonra);
· 40-50 yaşından sonra profilaktik ovarioektomiya vacibdir.
Onu da nəzərə alın ki, ailəsində  süd vəzi, yumurtalıq  xərçəngi, yaxud hər ikisi olan qadın sağlamlığını sığortalamaq üçün genetik müayinədən keçə bilər. İlkin olaraq xərçəng xəstəliyinə tutulmuş xəstə qan verməlidir. Bu qan nümunəsində mutasiyalı gen müəyyən edildikdə ailənin digər üzvlərinin də genetik testdən keçməsi məsləhətdir.
Bəs riskli halların qarşısını ala bilən faktorlar hansılardır?
· Genin bütün daşıyıcıları xərçəng xəstəliyinə tutulmadığı kimi, prosesə başqa faktorların da təsir göstərdiyi ehtimal edilir;
· Uşağa süd əmizdirməyin SVX-yə tutulma riskini azaltdığı düşünülür;
· Çoxlu meyvə-tərəvəz yemək, qırmızı ətdən və heyvan mənşəli yağlardan az istifadə etmək məsləhətdir;
· Hədsiz kökəlmək süd vəzi xərçəngi olma ehtimalını artırır;
· Alkoqollu içkilərdən çox istifadə etmək riski çoxaldır;
· Düzənli idman etmək xərçəng olma riskini azaldır.
Hamı Ancelina Coli ola bilməz. Dünya şöhrətli aktrisanın imkanlarına malik olmaq da hər qadının nəsibi deyil. Amma onun kimi cəsur olmaq, öz taleyini özü həll etmək, vaxtında düzgün qərar vermək hər kəsin öz əlindədir. Qətiyyətli olun və həyat eşqinizi qoruyun. Yadda saxlayın: Sizin varlığınız çox adama lazımdır. Yaşayın və yaşadın!
 Günay Əhmədova,
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası