27.5.19

Süd vəzi xərçəngindən necə  qorunaq?

Günay ƏHMƏDOVA,
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası

XXI əsrin Azərbaycan qadını ictimai-siyasi həyatda çox nailiyyətlərə imza atıb. Bu gün o yalnız evdar xanım və ana deyil, cəmiyyət həyatında yaxından iştirak edən vətəndaşdır, xalqın və millətin uca tribunalardakı təmsilçisidir. Lakin qazandığı bütün nailiyyətlərlə yanaşı o, ilk növbədə qadındır. Zərif, gözəl və yaraşıqlı məxluq. Görkəmində qadını kişilərdən fərqləndirən ilk əlamət bəşər övladına süd verən döşləridir. Tibbi dildə desək, süd vəziləri. Təəssüf ki, qadına xüsusi yaraşıq verən, sıx-sıx poeziyanın predmetinə çevrilən bu orqan lazımi qulluq, baxım görmədikdə qadının baş bəlasına da çevrilə bilir.
Müasir dövrdə süd vəzi xəstəliklərindən əziyyət çəkən qadınlara tez-tez rast gəlinir. Klinik onkologiyanın ən mühüm problemlərindən olan süd vəzi xərçəngi (bundan sonra SVX) dünyada qadınlar arasında bədxassəli şişlərlə xəstələnmənin strukturunda birinci yeri tutur. Hər il dünyada SVX diaqnozu ilə 1 milyondan çox xəstə qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yaşı 30-dan yuxarı olan hər 2 qadından birində süd vəzinin bu və ya digər şişinə rast gəlinir (bu şişlərin 30-dan çox növü məlumdur). Təbabətdə SVX probleminə böyük diqqət ayrılsa da, indiyədək nə bu xəstəliyin qarşısı alınıb, nə də ölüm halları azalıb. Statistikaya görə, bədxassəli şişlərdən dünyasını dəyişən qadınların ölüm strukturunda süd vəzi xərçəngi 2-ci yeri tutur.

Bəs nə etməli? Bu dəhşətli xəstəlikdən necə qorunmalı?

İlk növbədə onu bildirmək istəyirəm ki, SVX-nin erkən mərhələdə dəqiq diaqnostikası və vaxtında göstərilən tibbi yardım bu xəstəlikdən ölüm hallarının azalmasına gətirib çıxara bilir. Həmin diaqnostika bir sıra müayinə üsullarının kompleks istifadəsi əsasında həyata keçirilir: anamnez, fiziki müayinə (baxış və palpasiya, yəni əllə yoxlama), rentgenoloji üsullar (mammoqrafiya, duktoqrafiya, pnevmosistoqrafiya, kompüter tomoqrafiyası-KT), ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiya (MRT), morfoloji (sitoloji və histoloji) və laborator müayinə.
Xəstəliyi ilkin mərhələdə aşkarlamaq üçün hər bir qadın öz orqanına qarşı diqqətli olmalıdır. Süd vəzində aşağıdakı əlamətlərdən hər hansını müşahidə etdikdə mütləq onkoloqa müraciət edin:

ü Süd vəzində, yaxud qoltuqaltında əllənən törəmə (sərtlik, şişkinlik) varsa;
ü Süd vəzinin giləsindən qanlı, yaxud şəffaf rəngli ifrazat gəlirsə;
ü Süd vəzinin giləsi daxilə dartılıb, çöküb, yaxud quruluşu dəyişilibsə;
ü Süd vəzi giləsinin dərisində soyulma, qabıqlanma əmələ gəlibsə;
ü Süd vəzinin özünün dərisində yara və yaxud qızartı peyda olubsa;
ü Süd vəzinin dərisində ödem, şişkinlik, yaxud dərinin daxilə dartılaraq portağal qabığına bənzəməsi halı varsa;
üSüd vəzində böyümə, quruluşun və ya rəngin dəyişilməsi, asimmetriya müşahidə olunursa.

Nəzərinizə çatdırım ki, süd vəzində hər hansı hüceyrənin atipikləşərək xərçəngə çevrilməsi uzunmüddətli prosesdir. Qadın törəmədən o vaxt xəbər tutur ki, şişin ölçüsü artıq 1sm-ə çatmış olur və əllə toxunarkən hiss edilir. Onkoloji törəmə əsasən sərt konsistensiyalı, qeyri-dəqiq kənarlara malik, kələ-kötür səthli və məhdud hərəkətli olur. Bəzi hallarda isə süd vəzinin bədxassəli şişi təsadüfi USM və yaxud mammoqrafiya müayinəsi nəticəsində aşkar edilir. Xəstəlik sizi qəfildən yaxalamasın deyə, yuxarıda sadaladığımız əlamətlərə fikir verin.
Son onilliklərdə bir çox amillər dünya miqyasında onkoloji xəstəliklərin artmasına təkan verib. Ekoloji fəlakətlər, atmosferin ozon qatının deşilməsi, havanın çirklənməsi, stressin və gərginliyin artması, əsəb pozğunluqları, fərdin ruh düşkünlüyü, geni dəyişdirilmiş və ya mənşəyi bəlli olmayan qida məhsulları və s. Bu sırada obyektiv amillərə gücümüz çatmasa da, subyektiv amilləri aradan qaldırmaq özümüzdən asılıdır. Ona görə də sağlamlığımıza diqqət etməli, ağır xəstəliklərə düçar olmağı özümüzə rəva bilməməliyik. Əvvəla, ehtiyac duyduq-duymadıq, vaxtaşırı müayinə olunsaq çox fəsadların qarşısını vaxtında ala bilərik. Çünki ən yaxşı müalicə profilaktikadır. İkincisi, deyək ki xəstəlik bizi yaxalayıb. Bu halda ruhdan düşmək, ya da biganəlik göstərmək yolverilməzdir. Dərhal bu sahənin mütəxəssisi olan həkimlə birgə xəstəliyə qarşı mübarizə aparmalıyıq. Necə? Əlbəttə, öncə dəqiq diaqnozun qoyulmasına nail olmalıyıq. Bu, işin yarısı deməkdir.
Həkimin göndərişi qarşısında tərəddüd edən qadınlara çox rast gəlirik: kimisi rentgen mammoqrafiyasından çəkinir, kimisi USM-ə inanmır, kimisi də biopsiyanı təhlükəli sayır... Nəzərə almalıyıq ki, bu müayinələr olmadan müalicə səmərə verə bilməz. Belə tərəddüdlərə son qoymaq üçün hər bir qadın bilməlidir ki, həmin aparatlar nəyə xidmət edir.
Məlumat üçün bildirək ki, şüa diaqnostikası üsulları son illər bu sahədə mühüm yerlərdən birini tutur. Onlar arasında ən geniş yayılmışları mammoqrafiya və USM-dir. Mammoqrafiya müayinəsi süd vəzindəki patoloji dəyişiklikləri qeydə alır, SVX-nin erkən mərhələsində, yəni palpasiya edilməyən mərhələsində belə yaranmış törəməni təyin edir. Mammoqrafda süd vəzi toxumasının kompressiyası həyata keçirilir.
Çəkiliş adətən 2 proyeksiyada – düz və yan proyeksiyalarda aparılır. Bu müayinə vasitəsilə həmin orqanda gedən dəyişikliklərin diffuz və ya ocaqlı olması müəyyənləşdirilir; şiş törəməsi aşkar edildikdə onun ölçüsü, forması, strukturu, sıxlığı və konturları dəqiqləşdirilir. Həmçinin mammoqrafiya vasitəsilə şişin mikrokalsinatlarını müəyyənləşdirmək, dərinin, gilənin və retromammar sahənin vəziyyətini qiymətləndirmək, qoltuqaltı nahiyədə metastatik limfa düyünlərini aşkar etmək mümkün olur. Hər iki süd vəzində müayinənin aparılması həkimə imkan verir ki, xəstələnmiş orqanla sağlam süd vəzini müqayisə edə bilsin. Onu da bilmək lazımdır ki, mammoqrafiyanı aybaşı tsiklinin birinci fazasında – 5-12-ci günlər arası həyata keçirmək daha məqsədəuyğundur. Menopauzada olan qadınlar isə bu müayinəni istənilən vaxt etdirə bilərlər.
SVX zamanı mammoqrafik mənzərə birincili (birbaşa) və ikincili (dolayı) əlamətlərlə xarakterizə olunur. Birincili əlamətlərə şiş kölgəsinin xarakteri və mikrokalsinatların toplanması aiddir. Süd vəzi toxumasında mikrokalsinatların toplanması SVX-nin qeyri-invaziv (lat. invadere – “içəri, daxilə girirəm”, “təcavüz”) formasından şübhələnməyə əsas versə də bu, mütləq patoqnomonik simptom hesab edilmir. İkincili əlamətlərə isə dəri, gilə və şişi əhatə edən toxumalardakı simptomlar aiddir.
Xanımlar bilməlidir ki, diaqnoz qoyulmasında mammoqrafiyanın səmərəliliyi xəstənin yaşından, süd vəzi toxumasının rentgenoloji sıxlığından da asılıdır. Cavan qadınlarda bu sıxlıq çox olduğundan skrininq (ing. screening – seçim, çeşidlənmə) mammoqrafiyanın həssaslığı 40-59 yaşlı qadınlar arasında 77,3% təşkil edir. İnsan yaşlandıqca süd vəzi toxumasının rentgenoloji sıxlığı zəiflədiyindən aparatın həssaslığı daha da artır, yəni 70-89 yaşlı qadınlar arasında müayinənin dəqiqliyi 93,8% təşkil edir. Bu baxımdan nəzərə almalıyıq ki, süd vəzi toxumasının rentgenoloji sıxlığı yüksək olan qadınlarda müayinənin həssaslığı 55%-ə, çox yüksək olan qadınlarda isə 30% ə qədər azala bilir.
Əgər döşün giləsindən ifrazat (az və ya çox) gəldiyini görürsünüzsə, həmin ifrazat qanlıdırsa və siz əlinizlə yoxlayarkən şiş aşkar edə bilmirsinizsə, o halda sizin duktoqrafiya (qalaktoqrafiya) müayinəsindən keçməyiniz daha məsləhətdir. Pnevmosistoqrafiya vasitəsilə müayinə isə süd vəzisində sista olduqda, sistadaxili patoloji artımları təsdiq və ya inkar etmək məqsədilə aparılır.
Qeyd edək ki, süd vəzi xəstəliklərinin diaqnostikasında USM-in (ultrasəs müayinəsi) xüsusi yeri var. Praktika göstərir ki, SVX-nin skrininq müayinəsində USM-dən istifadə edilməsi diaqnoz qoyulmasında dəqiqlik faizini yüksəldib. Belə ki, risk qrupuna daxil olan qadınların hər 1000 nəfərində bu xəstəliyin aşkarlanması 1,1 hal artıb. Yəni nəticələr daha dəqiqdir. USM-in ən üstün cəhətlərindən biri budur ki, şüa yükü azdır, bu müayinəni təkrar-təkrar keçirmək olar və zərərsizdir və bu müayinədə bədxassəli şişlərin paycıqları da aşkarlanır. (Yalnız şişin yayılmış olduğu hallarda şiş və piy toxuması arasında ultrasəs kontrastlıq zəiflədiyindən müayinənin effektivliyi qismən azalır.) Qabarıq çapıq dəyişikliklərində də USM-in informativliyi qənaətbəxşdir.
USM və doppleroqrafiyadan ibarət kompleks müayinə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Dediyimiz fikri rəqəmlərlə ifadə etdikdə görürük ki, xoşxassəli törəmələrin (həmçinin maye tərkibli törəmələrin) aşkar edilməsində kompleks müayinənin həssaslığı 78%, orta hesabla isə USM və doppleroqrafiyanın birgə kombinasiyasının həssaslığı və spesifikliyi 95%-dir. Bundan əlavə USM törəmənin ətrafındakı qan damarlarının sıxlığını təyin etməyə, invaziv müdaxilə (məsələn, USM nəzarətində punksiya və s.) həyata keçirməyə imkan verir.
Onu da bilmək lazımdır ki, SVX-nin müəyyənləşdirilməsində USM mammoqrafiya ilə yanaşı metod kimi yararlıdır. O, bir çox mikrokalsinatların, xüsuslə süd vəzilərinin in situ axacaq xərçəngi üçün xarakterik olan mikrokalsinatların diaqnostikasında mammoqrafiyanı əvəz edə biməz. Amma əgər qadın hamilədirsə, ya da körpəsinə süd verirsə, həmin halda diaqnoz qoyulması üçün USM yeganə metoddur.
Bir vacib məqam da var: döşünüzdəki patologiyanın süd vəzi xərçəngi olduğuna 100% əmin olmaq üçün mütləq və mütləq histoloji və patohistoloji müayinələrdən keçməlisiniz. Bəzən xəstələrdə belə bir qorxu olur ki, döşümə punksiya edildikdən sonra xərçəng yayıldı və ya bıçaq dəydikdən sonra artdı... Onkoloq kimi sizi əmin edirəm ki, bu fikirlərin heç bir elmi əsası yoxdur! Bilin ki, ultrasəs müayinəsi vasitəsilə süd vəzində əllə hiss olunmayan şişi təyin etmək olur, ancaq onu dəqiqliklə xərçəng adlandırıb xoşxassəli törəmələrədən diferensiasiya etmək mümkün olmur. Buna görə də bir sıra alimlər mütləq olaraq biopsiya keçirilməsinə tərəfdar çıxırlar. Doğrudur, praktikada gərəksiz biopsiyaların keçirildiyinə də rast gəlirik. Bunlar təəssüf doğuran hallardır. Amma yoxlamamış əmin olmaq da olmur. Ona görə də, belə müayinələrdən qorxmaq lazım deyil. Əsas məsələ xəstəliyi vaxtında aşkarlamaqdır, dəqiq diaqnozun qoyulmasıdır və inamla bu bəlaya qarşı mübarizə aparmaqdır. Heç vaxt inamınızı itirməyin. Çünki əhval-ruhiyyəniz, psixoloji durumunuz xəstəliyə qalib gəlməkçün vacib şərtdir. Həkiminizə və qəbul etdiyiniz müalicəyə inamınız möcüzələr yarada bilər.
Müasir təbabətdə bir sıra digər üsullardan da geniş istifadə edilir. Elastoqrafiya adlanan yeni USM metodikası var ki, bu, süd vəzi toxumasının sərtliyinin dəyişməsini qiymətləndirməyə imkan verir. Əgər standart roentgen mammoqrafiyası aşkar edilmiş düyünün təbiətini birmənalı olaraq əks etdirə bilmirsə və USM gözlənilən nəticəni vermirsə, o zaman daha böyük həssaslığa malik olan dinamik maqnit-rezonans mammoqrafiyasından (MRT) istifadə edilir. İnformativliyi yüksək olan bu aparatda kontrast maddənin toplanma intensivliyi düyünlü törəmələrin xoşxassəli və bədxassəli təbiətini diferensiasiya etməyə imkan verir. SVX-nin aşkar edilməsi üçün mammossintiqrafiya, pozitron-emission tomoqrafiya (PET) deyilən diaqnostika metodları da var. Radiotermoqrafiya metodu isə dəridə temperaturun lokal dəyişikliklərinin qiymətləndirilməsinə əsaslanır.
Onu da qeyd edək ki, şüa diaqnostika müayinələrində nəticələrin dəyərləndirilməsi üçün BİRADS (Breast İmaging Reporting and Data System) risk kateqoriyalarından istifadə olunur. BİRADS-0 o deməkdir ki, xəstənin əlavə müayinəyə ehtiyacı var. BİRADS-1 – vəz toxuması normaldır, zədələnmə əlamətləri qeyd edilmir. BİRADS-2 göstərir ki, süd vəzində xoşxassəli dəyişikliklər var və ya xoşxassəli törəmə qeydə alınıb. Bu halda qadın mütləq hər 6-12 aydan bir kontrol müayinədən keçməlidir. BİRADS-3 risk kateqoriyasında xoşxassəli törəmədə xərçəngin olması ehtimalı 2%-dən az olsa da, qadın 3 aydan sonra təkrar müayinədən keçməlidir. Həmin müddətdə isə mütləq həkimin təyin etdiyi konservativ müalicə kursunu yerinə yetirməlidir. Bu halda laqeydliyə yol vermək gələcəkdə arzuolunmaz nəticələrə səbəb ola bilər. BİRADS-4 biopsiyanın (mikroskopik tədqiqat üçün patologiyalı orqandan toxuma kəsilib götürülməsi) keçirilməsi zərurətini meydana qoyur. Çünki törəmənin bədxassəli olması ehtimalı 2%-dən yüksək, 95%-dən aşağı olsa da, həkimin düzgün müalicə təyin edə bilməsi üçün diaqnozun morfoloji təsdiqlənməsi vacibdir. BİRADS-5 95%-dən yüksək ehtimalla bildirir ki, döşdəki törəmə bədxassəlidir. BİRADS-6-da xərçəng diaqnozu morfoloji olaraq təsdiq edilmiş sayılır. Bu zaman mammoqrafiya kimyəvi terapiya və cərrahi müalicəyə başlanmazdan əvvəl tətbiq edilir.
İtirilmiş sağlamlığı bərpa etmək və xəstəliyə qalib gələ bilmək üçün bu söhbətdə sadaladığımız müayinələrin hər birinin özünəməxsus rolu var. Öncə müayinə, dəqiq diaqnoz, sonra isə əsaslı müalicə. Yorulmadan, usanmadan müalicə prosesini intizamla başa vurmaq. Unutmayın ki, vaxtında aşkar olunan xəstəlik və düzgün aparılan müalicə sizin həyatınızın qarantıdır. Müasir səhiyyənin nailiyyətləri barədə nə qədər çox məlumatlı olsanız, sağalmaq yolunda qətiyyət göstərsəniz həm süd vəzilərinizi, həm də həyatınızı qoruya bilərsiniz.

2.5.16

Abortlardan uzaq durun

Əziz  xanımlar! Bu dəfə  sizə  onkoloq-mammoloq kimi məni ciddi narahat edən və zəmanəmizdə geniş yayılmış bir məsələdən – abortdan söhbət açacağam. O abortdan ki, xanımlarımızda çox ağır fəsadlarının şahidi olmuşam. Xəstələrlə söhbət zamanı məlum olur ki, hər qadın azı 5-10 dəfə və ya daha artıq abort etdirib. Bu incə mətləb həkimi narahat etməyə bilməz.
Bəzi qadınlar belə düşünür ki, abort eləmək diş çəkdirmək, yaxud  boğazdakı badamcıqların kəsilməsi kimi sadə  əməliyyatdır.  İnanın ki, bu belə deyil. Elmi araşdırmalar təsdiqləyir  ki, doğulmamış uşağı  ana orqanizminin  bir hissəsi hesab etmək düzgün deyil. Yəni uşaq nə qədər kiçik olsa da, ayrıca şəxsiyyətdir. Və həmin şəxsiyyətin həyatı doğuş anından deyil, mayalanma anından başlayır.
Bu baxımdan 60 min abort etmış həkim  Bernard Natarsonun təcrübəsi ibrətamizdir. Belə ki, abortu edəndən sonra bu əməliyyatın nə qədər təhlükəli olduğunu göstərmək üçün Natarson xüsusi texniki vasitələrlə araşdırmalar aparıb. Ultrasəs müayinəsi, embrionun ürəyinin elektron tədqiqi, embrionoskopiya, radiobiologiya vasitəsilə aparılan uzun araşdırmalardan sonra belə  nəticəyə gəlib ki, embrion şəxsi xüsusiyyətlərə malik olan ayrica fərddir! Və bu qənaət müzakirə edilməzdir.
Həmin fikri təsdiq etmək üçün Natarson üç aylıq embrionun abortunu kino lentinə çəkib.  “Səssiz  nalə” adlanan bu lent isbat edir ki, döl əməliyyatı aparmaq üçün istifadə edilən alət tərəfindən gələn təhlükəni hiss edir. O daha tez və narahat hərəkət etməyə başlayır, dölün ürək döyünməsi 140 vurğudan 200 vurğuya qalxır, ağzını geniş açır, sanki səssiz nalə ilə qışqırır.
Bütün bunlara biganə qalmaq mümkün deyil. Və siz də əziz xanımlar, ailənizin maddi durumuna görə, istədiyiniz sayda övladlarınızın olması səbəbindən, yaxud karyeranıza əngəl törədəcəyni düşündüyünüz üçün (səbəblər çox müxtəlif ola bilər) aborta gedərkən bətninizdəki dölün əsl vəziyyətini bilməlisiniz.   
Nəzərinizə çatdırım ki, hal-hazırda  dünyada  aborta  səbəb olan  hallar aşağıdakılardır:
Qadınların 40%- i öz istəyi ilə;
25%-i həyati göstərişlərlə;
23%-i sosial səbəblər ucbatından;
yalnız 12%-i tibbi göstərişlərlə əlaqədar olaraq hamiləliyə son verir.
Sizli-bizli hamımızı bir sual düşündürür: Nə üçün hamiləliyin ən erkən vaxtlarında belə abort etmək qadın orqanizminə ciddi ziyan vurur?
Məsələ burasındadır ki, əziz xanımlar, analar və bacılar, hamiləliyin ən erkən vaxtlarından qadın orqanizminin bir çox sistemlərində, xüsusilə mərkəzi requlyator sistemdə (sinir və endokrin sistemlər) ciddi dəyişikliklər baş verir. Ana orqanizmi ilə embrion arasında sıx funksional əlaqə mayalanma anından etibarən  başlayır. Mayalanmış yumurta hüceyrə uşaqlığın divarına yapışana qədər dölə müxtəlif hormonlar – estrogen, progesteron, prostoqlandinlər və digər bioloji aktiv maddələr təsir edir. Bunlar həmçinin uşaqlığın daxili qışasını embrionun implantasiyasına hazırlayır. Hormonların təsirindən gələcək ananın orqanizmində dəyişikliklər baş verir ki, bu da ən çox hormondan asılı  hesab edilən orqanlarda, yəni yumurtalıqlarda, süd vəzilərində, uşaqlıqda və xarici cinsiyyət orqanlarında özünü  büruzə verir.
Buna görə də, hamiləliyin sonlandırılması ilə nəticələnən bütün müdaxilələr qadın orqanizmində kəskin hormonal  partlayışa səbəb olur. Məhz bu səbəb  abortun hətta ən erkən vaxtlarda belə təhlükəsiz olmadığını göstərir. Sinir və endokrin sistemi arasında harmoniyanın pozulması qadının hipofiz vəzində, qalxanabənzər vəzdə, yumurtalıqlarda normal finksiyanı pozur ki, bu da sinir sistemində müxtəlif dərəcəli dəyişikliklər yaradır. Nəticədə bəzən psixi pozğunluqlar, depressiya və nevroz əmələ gətirir.
Əziz qadınlar! Ailənizin durumunu nəzərə alıb aborta gedərkən öz sağlamlığınızın qeydinə qalmağı da unutmayın. Bilin ki, doğmamış qadının abort  etməsi daha ağır fəsadlara yol aça bilir. Bunun ən ağır nəticələrindən biri həmin qadında SVX-nin (süd vəzi xərçənginin) yaranma riskinin kəskin artmasıdır. Tədqiqatlar  göstərir ki, bu halda süd vəzində xərçəngin əmələ gəlmə ehtimalı 300% çoxalır. Əgər doğmamış qadın bir neçə abort edirsə və birinci uşağını 35 yaşından sonra dünyaya gətirirsə, o halda SVX-yə tutulma riski 8 dəfə çoxalır.
Nəticənin niyə belə olduğunu anlamaq çətin deyil:
Birinci  hamiləlik  zamanı süd vəzi toxumasında xüsusi  dəyişikliklər  baş verir. Bu zaman orqan yeni doğulacaq körpəyə süd verməyə hazırlaşır.  Toxumaların  belə  formalaşması bütün hamiləlik müddətində davam edir və doğuş zamanı yekunlaşır. Əgər  qadın aborta gedərək hamiləliyi sonlandırırsa (təəssüf ki, bu hal müəyyən səbəblər ucbatından özbaşına uşaqsalma ilə hamiləliyi sonlandıranlara da aiddir), bu zaman süd  vəzi hüceyrələri formalaşmamış qalır və onların inkişafı  tamamlanmır. İnkişafını sonlandıran, yaxud hələ inkişafa başlamayan hüceyrələrə nisbətdə belə hüceyrələrin xərçəngə keçməsi ehtimalı nəzərəçarpacaq dərəcədə yüksəkdir.  Bu risk sonrakı hamiləlik və doğuş zamanı hüceyrələrin inkişafının başa çatması müddətinə qədər   davam edir.
Ailədə həm qadın, həm də kişi (ər-arvad) bilməlidir ki, abortun  ağırlaşmaları arasında xüsusi yeri  postabort sindromu təşkil edir. Bu sindrom özündə müxtəlif fizioloji və psixoloji əlamətləri (simptomları) birləşdirir. Əksər  qadınlar həmin vəziyyətin az öncə keçirdikləri abortla əlaqədar olduğunu bilmirlər. Ona görə də postabort sindromun əlamətlərini yadda saxlamağınız vacibdir. Əsas  əlamətlər aşağıdakılardır:
- mayalanma ilə əlaqədar sonsuzluq;
- vaxtından əvvəl doğuş;
- uşaqsalma;
- uşaqlıqdan kənar hamiləlik;
- seksual pozuntular;
- depressiya, günah hissi;
- daha bir hamiləliyə meyllənmə;
- anoreksiya (iştahanın olmaması və qidalanmadan imtina etmək);
- uşaqlarla əlaqədar gecə qarabasmaları və s. 
Abort qadını yalnız konkret zamanda istənilməyən hamiləlikdən azad edir, ancaq  heç  vaxt  günah hissindən və ana ilə uşaq arasındakı bağların qopmasından azad edə bilməz.
Uşaqlıq tərəfindən, yəni ana bətnində abort nəticəsində ağırlaşmalara  ilk  növbədə uşaqlıq boynunun cırılması, qanaxma və uşaqlıq divarının perforasiyası kimi hallar aiddir. Hamiləliyin pozulması zamanı uşaqlıq daxilində manipulyasiya  “kor-koranə” aparılır ki, nəticədə uşaqlıq divarının və uşaqlıq boynunun cırılma riski yüksəlmiş olur. Bu halda da zədələnmənin ölçüsndən və lokalizasiyasından  asılı  olaraq  uşaqlıq  tikilir, ya da zərurət yarandıqda uşaqlıq tam çıxarılır, yəni histerektomiya əməliyyatı aparılır.
Onu da bilin ki, uşaqlıq divarının çoxsaylı qaşınması, yəni abortlar zamanı divar o qədər nazilir ki, növbəti dəfə hamilə qaldıqda hamiləliyin sağ-salamat başa çatdırılması, yaxud elə abortun özü qeyri-mümkün  olur. Çünki hamiləliyin süni yolla pozulması zamanı  zədələnmiş uşaqlıq divarında  iltihab  əmələ  gəlir. Və bilin ki, belə iltihabi proses asanlıqla  müalicə  olunmur. Bu da adətən, düşüklərlə və  ya sonsuzluqla  nəticələnir.
Abortsonrası ağırlaşmalar abortdan dərhal sonra da yarana bilər, bir neçə ay və ya il ötəndən sonra da yarana bilər. Alimlərin tədqiqatları göstərir ki, qadınların 18%-ində abortdan  iki ay sonra uşaqlıq artımlarının  xronik  iltihabı, 11 %-ində uşaqlıq boynunun eroziyası, 7%-ində endoservisit, 4%-də isə menstrual siklin pozulması baş verir. Abortdan iki il keçdikdən sonra bu ağırlaşmalar bir neçə dəfə  çoxalır.
Beləliklə, əziz xanımlar! Yadda saxlayın, təhlükəsiz abort olmur. Abort sağlam qadın orqanizminə ciddi zərbə vurur və istənilməyən hamiləliklərə qarşı kontraseptiv vasitələrdən istifadə etməməyin cəzası kimi qiymətləndirilir. Hətta subyektiv olaraq abortu pis keçirməyən qadınlarda da xərçəng xəstəliyinin inkişafı, müalicə edilməyən sonsuzluq kimi ağır nəticələr baş verə bilər.
Unutmayın ki, hər bir hamiləlik sizə ən böyük xoşbəxtlik olan analıq sevincini dadmağı, ana olmağı qismət edəcək!

Günay Əhmədova,
onkoloq-mammoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası

19.4.16

Gəlin özümüzə qarşı məsuliyyətli olaq!

Bu da törəməni 32 il saxlamağın sonu. Əgər süd vəzinizdə ələ dəyən törəmə aşkar olunursa, yaxud giləsindən qan və yaxud irin gəlirsə, vaxt itirmədən onkoloqa müraciət edin

14.3.16

“Süd vəzi xərçəngi, mən səndən GÜCLÜYƏM!”

Ötən məqaləmizdə dünya qadınlarının probleminə çevrilmiş süd vəzi xərçənginin (SVX) əlamətləri, müayinə və diaqnostika vasitələri barədə söhbət açmışdıq. Bu yazıda SVX-nin müalicə yolları barədə danışacağıq. Əgər özünüzdə və ya doğmalarınızdan birində süd vəzi xərçəngi aşkarlanıbsa, dərhal təşvişə düşməyin. Bilin ki, hər il dünyada milyonlarla qadın bu xəstəlikdən yaxa qurtara bilir. Siz də onlardan biri ola bilərsiniz! El arasında belə bir deyim var: tez evlənənlə tez ayrılan peşman olmaz. Zərif məxluqların baş bəlasına çevrilmiş SVX-ni də erkən mərhələdə aşkarlayıb, vaxtında müalicə etdirən yaşama şansını itirmir.
Öncə bu xəstəliyin etimologiyasına diqqət edək. Kimlər risk faktoru qarşısındadır? Praktika göstərir ki, birinci dərəcəli qohumlarda (yəni ana, qızı və bacısı) SVX-nin olması, erkən yaşda aybaşı olmaq, gec  yaşda aybaşıdan kəsilmək (gec menopoz), həddindən artıq kökəlmək, menopauzada nəzarətsiz hormon istifadə etmək kimi amillər hormonal faktorlar sayıla bilər. Ona görə də, bu qəbildən olan xanımlar öz zərif orqanlarına qarşı daha həssas olmalı, hər hansı əlamət görən kimi dərhal həkimə müraciət etməlidirlər. Diaqnoz dəqiqləşdikdən sonra xəstəni ciddi müalicə prosesi gözləyir. Təbabətin hazırkı durumuna görə, SVX-nin müalicə yolları bunlardır:
1. cərrahi əməliyyat
2. kimyəvi dərman müalicəsi
3. radioterapiya və yaxud şüa müalicəsi
4. hormonal müalicə
5. immunoterapiya.
Qeyd edək ki, yuxarıda sadaladığımız faktorlardan heç birinin olmadığı hallarda da qadın süd vəzi xərçənginə yaxalana bilir. Ona görə də, sağlamlığa münasibətdə sayıqlığınızı heç vaxt əldən yerə qoymayın.
Bəzi xəstələrdə problem cərrahi əməliyyatdan sonra aradan qalxır. Bəzilərində isə müalicəni tamamlamaq üçün kimyəvi dərman müalicəsinə, radioterapiyaya və digər metodlara da ehtiyac olur. Bunu həkim müəyyənləşdirir. Bilin ki, yerli və ya sistem xarakteri daşıyan həmin müalicə vasitələrinin hər biri  sizin həyatınızı qorumaq üçündür. Cəsarətli olun. Əhval-ruhiyyənizi yüksək tutun və orqanizminizi bədbin duyğuların əsarətinə verməyin. SVX-yə qalib gələcəyinizə inanın və xəstəliklə mübarizədə əzmkar olun.
Yerli müalicə süd vəzindəki törəməni aradan qaldırmağa və ya kiçiltməyə yönəlir. Bu, cərrahi yolla, ya da şüa verilməsi vasitəsilə həyata keçirilir. Sistem müalicə dedikdə isə kimyəvi dərman müalicəsi, hormonal müalicə və immunoterapiya nəzərdə tutulur. Həmin müalicələr qan dövranı vasitəsilə bədənin bütün nahiyələrindəki şiş hüceyrələrini məhv edir və yaxud nəzarətdə saxlayır. Süd vəzi xərçəngindən əziyyət çəkənlərin bir qismi radioterapiyadan və yaxud cərrahi müdaxilədən öncə törəməni kiçiltmək üçün sistem müalicəsi qəbul edir. Digər qismi isə lokal (yerli) müalicədən sonra törəmə yenidən əmələ gəlməsin deyə, sistem müalicə alır. Bu metod yayılmış süd vəzi xərçənginin müalicəsində də tətbiq edilir.
SVX ona görə müasir təbabətin aktual problemi olaraq qalır ki, həm son onilliklərdə bu diaqnozla xəstələnmə halları çoxalıb, həm də aparılan müalicələr nəticəsində qadınların rastlaşdığı çətinliklər tibb elmindən öz həllini gözləyir. Əsasən mənəvi-psixoloji mahiyyət daşıyan həmin çətinliklər sırasında kimyəvi terapiyadan sonra saçın tökülməsi, xarici görünüşün və həyat tərzinin dəyişilməsi, əgər döş kəsilib götürülübsə qadında özünü qiymətləndirmə dərəcəsinin aşağı düşməsi kimi faktorları qeyd edə bilərik. Bunlar vəziyyəti daha da dramatikləşdirir. Əlbəttə, hər bir qadın gözəlliyinə gözəllik qatan döşlərinin yerində qalmasını istəyər. Amma unutmayaq ki, həyatımız görünüşümüzdən daha qiymətlidir, yaşamaq əsl hünərdir. 
Yüzlərlə xəstə ilə təmasda olmuş onkoloq kimi deyə bilərəm ki,  mammoqafik skrininq sayəsində xəstəliyi erkən mərhələdə aşkarlayaraq öncə orqansaxlayıcı əməliyyatlardan, sonra isə  şüa müalicəsindən istifadə etməklə bu problemi qismən həll etmək mümkündür, yəni döşünüzü saxlamaq olar. Lakin bir sıra obyektiv və subyektiv səbəblərdən həmin prosesi aparmaq hər zaman mümkün olmadığından hələ də ölkəmizdə aparılan əsas cərrahi müdaxilə mastektomiya əməliyyatıdır.
Cərrah planlaşdırılan əməliyyatın növünü təyin edərkən xəstəliyin hansı inkişaf mərhələsində olduğunu, əsasən də birincili şişin ölçüsünü və lokalizasiyasını nəzərə alır. Törəmənin ölçüsünün süd vəzinin ölçüsünə olan nisbətinə diqqət yetirir. Bu məqamda xəstənin yaşı da mühüm rol oynayır. Yəni həm xəstəliyin proqnozu, həm də döşün saxlanılmasının xəstə üçün vacibliyi nəzərə alınır. Süd vəzinin formasına və bu orqanın saxlanılmasına təsir edən digər faktorlara diqqət yetirilir. Bütün bunları tibbi və insani baxımdan saf-çürük edəndən sonra cərrah iki yoldan birini seçir: ya radikal mastektomiya (döşün kəsilib götürülməsi), yaxud lampektomiya və kvadrantektomiya həcmində orqansaxlayıcı əməliyyat  taktikasını tətbiq edir.
SVX ilə mübarizədə bu mərhələyə gəlib çatıbsınızsa bilin ki, orqansaxlayıcı əməliyyatlar əsasən xəstəliyin erkən mərhələsində (I və II mərhələdə) tətbiq oluna bilər. Döşünüzdə kiçik ölçülü törəmələr varsa, cərrahiyyə əməliyyatından sonra şüa müalicəsi ala bilərsinizsə, o halda döşünüzü qorumaq şansınız çoxdur. Bir məqamı da nəzərə alın ki, orqansaxlayıcı əməliyyatdan sonra eyni süd vəzində xəstəliyin yenidən əmələ gəlmə ehtimalı ildə 0,5%-dən 1 faizədəkdir. Bu da törəmənin onkoloji xüsusiyyətlərindən asılı  olaraq dəyişir.
Süd vəzi xərçənginin cərrahi yolla müalicəsində yalnız törəmənin çıxarılması kifayət etməz. Kanser kütləsinin götürülməsindən  əlavə qoltuqaltı limfa düyünləri də çıxarılmalıdır. Limfa düyünlərinin disseksiyası törəmənin götürülməsi  ilə eyni seansda, törəmənin yayılma dərəcəsini müəyyən etmək üçün aparılır. Limfa düyünlərində kanser hüceyrəsi müəyyən edilərsə, müalicə planı dəyişilməlidir.
Sonradan sürprizlərlə qarşılaşmamaq üçün əməliyyatdan əvvəl həkiminizlə ətraflı söhbət edin. Müalicə prosesinin gedişatı barədə dəqiq bilgi alın. Əməliyyatdan sonra kimyəvi dərman müalicəsinə ehtiyac olarsa, xəstə əvvəlcə kimyəvi terapiyanı, sonra isə şüa müalicəsini qəbul etməlidir. Şüa müalicəsi qəbul edəcəyinizə, müntəzəm surətdə davamlı olaraq yoxlama-nəzarət (kontrol) müayinələrinə vaxtlı-vaxtında gələcəyinizə həm həkiminiz, həm də özünüz əmin olmalısınız. Bir özünüzə də sual verin: mən bu prosesə hazırammı? Nəzərə alın ki, uzun müddət davamlı nəzarət altında olacaqsınız. Fiziki ağrılara, mənəvi sıxıntılara dözə biləcəksinizmi? Yaşamaq, doğmalarınızın yanında olmaq, həyatdan həzz almaq istəyirsinizsə, dözməlisiniz. Sarsılmadan qətiyyət göstərməlisiniz. Özünüzdə bu gücü tapın. İnsan oğlu çox güclü və iradəlidir. Bəzən adi günlərdə ağlımıza belə gətirə bilmədiyimiz gücü ekstremal vəziyyətlərdə müşahidə edir, özümüzə heyran qalırıq.  Özünüzə və gücünüzə güvənin.
Ümumiyyətlə, SVX-nin müalicəsi bir neçə mütəxəssis – onkoloq, radioloq, patomorfoloqlar tərəfindən aparılır. Xəstənin psixoloji vəziyyətini nəzərə alaraq əməliyyatdan əvvəl və sonra psixoloq və psixiatorların da konsultasiyasına ehtiyac  yarana bilər. Orqansaxlayıcı əməliyyatın icrası mümkün olmayan xəstələrdə mastektomiya  əməliyyatı yerinə yetirilir ki, bu zaman süd vəzi regionar limfa düyünləri ilə birlikdə blok şəklində kəsilib götürülür.
Mastektomiya – şiş kütləsinin ətrafındakı sağlam süd vəzi toxumasının regionar limfa düyünləri ilə birlikdə çıxarılması əməliyyatıdır. Bu halda xəstəliyin yenidən əmələ gəlməsi ehtimalı orqansaxlayıcı əməliyyatlara nisbətən 3-8% azdır.  Orqansaxlayıcı əməliyyatlarda şüa terapiyası mütləq vacib olduğu halda, mastektomiyadan sonra müəyyən göstərişlər olmazsa, şüa müalicəsi aparılmaya bilər. Şiş kütləsinin ölçüsü süd vəzinin ümumi ölçülərinə nəzərən böyük,  yaxud multisentrik (törəmənin sayının 1-dən çox olması) olduğu hallarda, əməliyyatdan sonra xəstənin şüa müalicəsi alması qeyri-mümkün olduqda mastektomiya əməliyyatının aparılması daha məqsədəuyğundur. Müasir dövrdə xəstənin öz toxumalarından   və yaxud protezlərdən istifadə etməklə  süd vəzində rekonstruktiv əməliyyatlar icra edilir. Yəni qadına süni döş qoyula bilir. Unutmayın, tibb elmi sizin üçün bu imkanları da yaradıb.
Kimyəvi dərman müalicəsi
Qadınları ən çox qorxudan müalicələrdən biri kimyəvi dərman  müalicəsidir. Bu terapiya xərçəng hüceyrələrini öldürən dərmanların damar yolu ilə bədənə yeridilməsindən və ya həb şəklində qəbul olunmasından ibarətdir. Həmin dərmanlar qan dövranına daxil olaraq bütün bədənə yayılır, beləcə uzaq orqanlara yayılmış xərçənglərin aradan qaldırılmasını təmin edir. Min təəssüf, bu preparatlar çox güclü təsirə malik olduqlarından xərçəng hüceyrələrini öldürərkən bəzi normal hüceyrələrə də zərər verə bilir ki, bu da yan təsirlərə yol açır... Lakin buna baxmayaraq, kimyəvi terapiya vacibdir. Düzdür, ağrılıdır, asan deyil. Amma vacibdir.
Nəzərə alın ki, xəstəliyin erkən mərhələlərində belə, xərçəng hüceyrələri SVX-dən qoparaq qan dövranı yolu ilə yayıla bilər. Bu hüceyrələr əlamətlərlə (simptomlarla) müşayiət olunmaya bilər, hətta rentgenoloji müayinələr zamanı görünməyə və fiziki müayinədə aşkar edilməyə bilər. Ancaq gizli-gizli, altdan-altdan öz işini görən bu mənfur hüceyrələr böyüməyə davam etsələr, bədənin başqa bölgələrində yeni şişlərin meydana gəlməsinə səbəb olarlar. Bax, kimyəvi dərman  müalicəsi məhz belə hüceyrələri tapıb məhv etmək üçün tətbiq olunur. Kimyaterapiya bütün orqanizmə təsir göstərən sistemli dərman terapiyasıdır.  Məqsədi də törəməni, damar və limfatik yolla başqa orqanlara yayılan şiş hüceyrələrini məhv etməkdən ibarətdir. Müasir dövrdə çoxsaylı kimyəvi dərman preparatları var. Əsas prinsipsə budur: daha sürətli bölünmə qabiliyyətinə malik olan şiş hüceyrələrini bu xüsusiyyətindən istifadə yoluyla məhv etmək və ya böyüməsinin qarşısını  almaq.
Cərrahiyyə əməliyyatından sonra kimyaterapiyanın tətbiqi döş xərçənginin yenidən əmələ gəlməsi ehtimalını azaldır. Kimyaterapiya cərrahiyyədən əvvəl də tətbiq edilə bilər.  Bu, birincili şişin kiçilməsini və beləcə daha asan çıxarılmasını təmin edər.
Bilin ki, SVX yeni aşkar edildikdə belə döşdə mikrometastazların varlığı ehtimal  olunur. Bu səbəbdən, son 30 ildə erkən mərhələdə süd vəzi  xərçənginin cərrahi müalicəsinə əlavə olaraq mikroskopik metastazları yox etməyi hədəf götürən qoruyucu (adyuvant) kimyaterapiya və hormonoterapiya təyin edilir. Sevindirici haldır ki, adı çəkilən müalicələr sayəsində həm xəstəliyin yayılma müddətində, həm də ümumi yaşama göstəricilərində yaxşılığa doğru dəyişmə müşahidə olunur. Yaxın vaxtlarda bunlara bir də bioloji müalicə əlavə olunub.
Həkim müvafiq bir adyuvant müalicə planını seçərkən bir sıra faktorlara diqqət edir: xəstənin yaşı, şişin diametri, qoltuq altındakı metastatik limfa düyünlərinin miqdarı, estrogen (ER) və progesteron (PR) hormon reseptorlarının ekspressiyası, xəstədəki digər xəstəliklər və HER2/neu geninin ekspressiyası müvafiq dərman sxemlərinin seçilməsində vacib rol oynayır. Qeyd edək ki, hormon reseptorları neqativ olan SVX zamanı antiestrogen müalicədən istifadə edilmədiyi kimi, HER2/neu gen ekspressiyası mənfi olan SVX-də də  trastuzumab adlı bioloji müalicədən istifadə edilməsinin heç bir faydası yoxdur.
Optimal  kimyəvi dərman müalicəsinin  müddəti 4-6 aydır. Müalicə sxemi seçilərkən dərmanların kənar təsirlərinə və xəstənin digər xəstəliklərinə mütləq diqqət edilməlidir. Xəstə bilməlidir ki, kimyaterapiya nəticəsində saç tökülməsi, ürəkbulanma, qusma, halsızlıq, ishal və ya qəbzlik, aybaşı nizamsızlıqları, dırnaq və dəri dəyişiklikləri, həmçinin erkən menopauza riski var. Amma bu kənar təsirlərin çoxu keçicidir, yəni müvəqqətidir. Müalicə əsnasında ən çox diqqət çəkən məsələlərdən biri də infeksion xəstəliklərə qarşı alınacaq tədbirlərdir.
Hormonoterapiya
Kimyaterapiya bitdikdən sonra hormonal reseptorları müsbət olan xəstələrə hormon müalicəsi təklif edilir. Reproduktiv dövrdə olan xəstələrə 5 il müddətinə   selektiv antiestrogen olan Tamoksifen təyin edilir. Həmçinin 40 yaşın altında olan xanımlara, ən az 2 il müddətlə, yumurtalıq funksiyasını müvəqqəti olaraq dayandıracaq dərmanlar verilir. Menopauza dövründə olan xəstələrin adyuvant hormon müalicəsində Tamoksifenlə yanaşı, aromatazanın inhibitorlarından da istifadə etmək mümkündür. Bu gün istifadə olunan 3 növ aromatazanın ingibitoru vardır; anastrazol, letrozol və eksemestan. Bu dərmanların istifadəsi zamanı nizamlı ginekoloji müayinələrdən keçmək vacibdir, osteoporozla əlaqədar  xəstələrə illik nəzarət edilməsi, xüsusilə aromatazanın inhibitorlarından istifadə zamanı qan serumunda xolesterol səviyyələrinin yoxlanılması lazımdır. Yadınızda saxlayın ki, Tamoksifenlə bağlı qara ciyərdə piylənmə, atəş basması, çox nadir də olsa uşaqlıq xərçəngi, damar tıxanmaları və görmə pozğunluqları ola bilər.
Radioterapiya
Radioterapiyada yüksək enerjili şüalar (x şüaları kimi) vasitəsilə xərçəng hüceyrələri məhv edilir və ya kiçildilir. SVX-nin müalicəsi üçün həm xarici, həm də toxumadaxili şüa verilə bilər. Radioterapiya cərrahiyyə əməliyyatından  sonra  süd vəzində, döş qəfəsinin ön səthində və ya qoltuqaltı nahiyədə qalan xərçəng hüceyrələrini aradan qaldırmaq üçün istifadə edildiyi kimi, daha az sıxlıqla cərrahi əməliyyatdan əvvəl şişin kiçildilməsi üçün də tətbiq oluna bilir.
Şüa müalicəsinə əməliyyatdan təxminən bir ay sonra başlanılır, 6 və ya 7 həftə boyunca həftənin 5 günü davam edilir. Hər seans bir neçə dəqiqə çəkir. Şüa müalicəsi ağrısızdır. Bu terapiyanın ən əhəmiyyətli yan təsirləri süd vəzində  şişlik və ağırlıq hissi, müalicə tətbiq olunan bölgədə günəş yanığına bənzər dəyişikliklər və halsızlıqdır. Bilin ki, süd vəzi toxumasında və dəridə meydana gələn dəyişikliklər, ümumiyyətlə, 6 aydan 12 ayadək müddətdə itir. Bəzi qadınlarda isə müalicədən sonra süd vəzi  daha kiçik və daha möhkəm hala gəlir.
Gördüyünüz kimi, sağlamlığınıza həssas yanaşma, xəstəliyin müalicəsinə ağıllı və təmkinli münasibət sayəsində süd vəzi xərçənginə də qalib gəlmək mümkündür. İradəli olun və xəstəliyə deyin: “SVX, mən səndən güclüyəm!”

Günay Əhmədova onkoloq,
tibb üzrə fəlsəfə doktoru

7.3.16

Süd vəzi xərçəngindən necə qorunaq?

XXI əsrin Azərbaycan qadını ictimai-siyasi həyatda çox nailiyyətlərə imza atıb. Bu gün o yalnız evdar xanım və ana deyil, cəmiyyət həyatında yaxından iştirak edən vətəndaşdır, xalqın və millətin uca tribunalardakı təmsilçisidir. Lakin qazandığı bütün nailiyyətlərlə yanaşı o, ilk növbədə qadındır. Zərif, gözəl və yaraşıqlı məxluq. Görkəmində qadını kişilərdən fərqləndirən ilk əlamət bəşər övladına süd verən döşləridir. Tibbi dildə desək, süd vəziləri. Təəssüf ki, qadına xüsusi yaraşıq verən, sıx-sıx poeziyanın predmetinə çevrilən bu orqan lazımi qulluq, baxım görmədikdə qadının baş bəlasına da çevrilə bilir. 
Müasir dövrdə süd vəzi xəstəliklərindən əziyyət çəkən qadınlara tez-tez rast gəlinir. Klinik onkologiyanın ən mühüm problemlərindən olan süd vəzi xərçəngi (bundan sonra SVX) dünyada qadınlar arasında bədxassəli şişlərlə xəstələnmənin strukturunda birinci yeri tutur. Hər il dünyada SVX diaqnozu ilə 1 milyondan çox xəstə qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yaşı 30-dan yuxarı olan hər 2 qadından birində süd vəzinin bu və ya digər şişinə rast gəlinir (bu şişlərin 30-dan çox növü məlumdur). Təbabətdə SVX probleminə böyük diqqət ayrılsa da, indiyədək nə bu xəstəliyin qarşısı alınıb, nə də ölüm halları azalıb. Statistikaya görə, bədxassəli şişlərdən dünyasını dəyişən qadınların ölüm strukturunda süd vəzi xərçəngi 2-ci yeri tutur.

Bəs nə etməli? Bu dəhşətli xəstəlikdən necə qorunmalı?
İlk növbədə onu bildirmək istəyirəm ki, SVX-nin erkən mərhələdə dəqiq diaqnostikası və vaxtında göstərilən tibbi yardım bu xəstəlikdən ölüm hallarının azalmasına gətirib çıxara bilir. Həmin diaqnostika bir sıra müayinə üsullarının kompleks istifadəsi əsasında həyata keçirilir: anamnez, fiziki müayinə (baxış və palpasiya, yəni əllə yoxlama), rentgenoloji üsullar (mammoqrafiya, duktoqrafiya, pnevmosistoqrafiya, kompüter tomoqrafiyası-KT), ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiya (MRT), morfoloji (sitoloji və histoloji) və laborator müayinə.
Xəstəliyi ilkin mərhələdə aşkarlamaq üçün hər bir qadın öz orqanına qarşı diqqətli olmalıdır. Süd vəzində aşağıdakı əlamətlərdən hər hansını müşahidə etdikdə mütləq onkoloqa müraciət edin:
Süd vəzində, yaxud qoltuqaltında əllənən törəmə (sərtlik, şişkinlik) varsa;
Süd vəzinin giləsindən qanlı, yaxud şəffaf rəngli ifrazat gəlirsə;
Süd vəzinin giləsi daxilə dartılıb, çöküb, yaxud quruluşu dəyişilibsə;
Süd vəzi giləsinin dərisində soyulma, qabıqlanma əmələ gəlibsə;
Süd vəzinin özünün dərisində yara və yaxud qızartı peyda olubsa;
Süd vəzinin dərisində ödem, şişkinlik, yaxud dərinin daxilə dartılaraq portağal qabığına bənzəməsi halı varsa;
Süd vəzində böyümə, quruluşun və ya rəngin  dəyişilməsi, asimmetriya müşahidə olunursa.
Nəzərinizə çatdırım ki, süd vəzində hər hansı hüceyrənin atipikləşərək xərçəngə çevrilməsi uzunmüddətli prosesdir. Qadın törəmədən o vaxt xəbər tutur ki, şişin ölçüsü artıq 1sm-ə çatmış olur və əllə toxunarkən hiss edilir. Onkoloji  törəmə əsasən sərt konsistensiyalı, qeyri-dəqiq kənarlara malik, kələ-kötür səthli və məhdud hərəkətli olur. Bəzi hallarda isə süd vəzinin bədxassəli şişi təsadüfi USM və yaxud mammoqrafiya müayinəsi nəticəsində aşkar edilir. Xəstəlik sizi qəfildən yaxalamasın deyə, yuxarıda sadaladığımız əlamətlərə fikir verin.
Son onilliklərdə bir çox amillər dünya miqyasında onkoloji xəstəliklərin artmasına təkan verib. Ekoloji fəlakətlər, atmosferin ozon qatının deşilməsi, havanın  çirklənməsi, stressin və gərginliyin artması, əsəb pozğunluqları, fərdin ruh düşkünlüyü, geni dəyişdirilmiş və ya mənşəyi bəlli olmayan qida məhsulları və s. Bu sırada obyektiv amillərə gücümüz çatmasa da, subyektiv amilləri aradan qaldırmaq özümüzdən asılıdır. Ona görə də sağlamlığımıza diqqət etməli, ağır xəstəliklərə düçar olmağı özümüzə rəva bilməməliyik. Əvvəla, ehtiyac duyduq-duymadıq, vaxtaşırı müayinə olunsaq çox fəsadların qarşısını vaxtında ala bilərik. Çünki ən yaxşı müalicə profilaktikadır.  İkincisi, deyək ki xəstəlik bizi yaxalayıb. Bu halda ruhdan düşmək, ya da biganəlik göstərmək yolverilməzdir. Dərhal bu sahənin mütəxəssisi olan həkimlə birgə xəstəliyə qarşı mübarizə aparmalıyıq. Necə? Əlbəttə, öncə dəqiq diaqnozun qoyulmasına nail olmalıyıq. Bu, işin yarısı deməkdir.
Həkimin göndərişi qarşısında tərəddüd edən qadınlara çox rast gəlirik: kimisi rentgen mammoqrafiyasından çəkinir, kimisi USM-ə inanmır, kimisi də biopsiyanı təhlükəli sayır... Nəzərə almalıyıq ki, bu müayinələr olmadan müalicə səmərə verə bilməz. Belə tərəddüdlərə son qoymaq üçün hər bir qadın bilməlidir ki, həmin aparatlar nəyə xidmət edir.
Məlumat üçün bildirək ki, şüa diaqnostikası üsulları son illər bu sahədə mühüm yerlərdən birini tutur. Onlar arasında ən geniş yayılmışları mammoqrafiya və USM-dir. Mammoqrafiya müayinəsi süd vəzindəki patoloji dəyişiklikləri qeydə alır, SVX-nin erkən mərhələsində, yəni palpasiya edilməyən mərhələsində belə yaranmış törəməni təyin edir. Mammoqrafda süd vəzi toxumasının kompressiyası həyata keçirilir.
Çəkiliş adətən 2 proyeksiyada – düz və  yan proyeksiyalarda aparılır. Bu müayinə vasitəsilə həmin orqanda gedən dəyişikliklərin diffuz və ya ocaqlı olması müəyyənləşdirilir; şiş törəməsi aşkar edildikdə onun ölçüsü, forması, strukturu, sıxlığı və konturları dəqiqləşdirilir. Həmçinin mammoqrafiya vasitəsilə şişin mikrokalsinatlarını müəyyənləşdirmək, dərinin, gilənin və retromammar sahənin vəziyyətini qiymətləndirmək, qoltuqaltı nahiyədə metastatik limfa düyünlərini aşkar etmək mümkün olur. Hər iki süd vəzində müayinənin aparılması həkimə imkan verir ki, xəstələnmiş orqanla sağlam süd vəzini müqayisə edə bilsin. Onu da bilmək lazımdır ki, mammoqrafiyanı aybaşı tsiklinin birinci fazasında – 5-12-ci günlər arası həyata keçirmək daha məqsədəuyğundur. Menopauzada olan qadınlar isə bu müayinəni istənilən vaxt etdirə bilərlər.  
SVX zamanı mammoqrafik mənzərə birincili (birbaşa) və ikincili (dolayı) əlamətlərlə xarakterizə olunur. Birincili əlamətlərə şiş kölgəsinin xarakteri və mikrokalsinatların toplanması aiddir. Süd vəzi toxumasında mikrokalsinatların toplanması SVX-nin qeyri-invaziv (lat. invadere – “içəri, daxilə girirəm”, “təcavüz”) formasından şübhələnməyə əsas versə də bu, mütləq patoqnomonik simptom hesab edilmir. İkincili əlamətlərə isə dəri, gilə və şişi əhatə edən toxumalardakı simptomlar aiddir.
Xanımlar bilməlidir ki, diaqnoz qoyulmasında mammoqrafiyanın səmərəliliyi xəstənin yaşından, süd vəzi toxumasının rentgenoloji sıxlığından da asılıdır. Cavan qadınlarda bu sıxlıq çox olduğundan skrininq (ing. screening – seçim, çeşidlənmə) mammoqrafiyanın həssaslığı 40-59 yaşlı qadınlar arasında 77,3% təşkil edir. İnsan yaşlandıqca süd vəzi toxumasının rentgenoloji sıxlığı zəiflədiyindən aparatın həssaslığı daha da artır, yəni 70-89 yaşlı qadınlar arasında müayinənin dəqiqliyi 93,8% təşkil edir. Bu baxımdan nəzərə almalıyıq ki, süd vəzi toxumasının rentgenoloji sıxlığı yüksək olan qadınlarda müayinənin həssaslığı  55%-ə,  çox yüksək olan qadınlarda isə 30% ə qədər azala bilir.
Əgər döşün giləsindən ifrazat (az və ya çox) gəldiyini görürsünüzsə, həmin ifrazat qanlıdırsa və siz əlinizlə yoxlayarkən şiş aşkar edə bilmirsinizsə, o halda sizin duktoqrafiya (qalaktoqrafiya) müayinəsindən keçməyiniz daha məsləhətdir. Pnevmosistoqrafiya vasitəsilə müayinə isə süd vəzisində sista olduqda, sistadaxili patoloji artımları təsdiq və ya inkar etmək məqsədilə aparılır.
Qeyd edək ki, süd vəzi xəstəliklərinin diaqnostikasında USM-in (ultrasəs müayinəsi) xüsusi yeri var. Praktika göstərir ki, SVX-nin skrininq müayinəsində USM-dən istifadə edilməsi diaqnoz qoyulmasında dəqiqlik faizini yüksəldib. Belə ki, risk qrupuna daxil olan qadınların hər 1000 nəfərində bu xəstəliyin aşkarlanması 1,1 hal artıb. Yəni nəticələr daha dəqiqdir. USM-in ən üstün cəhətlərindən biri budur ki, şüa yükü azdır, bu müayinəni təkrar-təkrar  keçirmək olar və zərərsizdir və bu müayinədə  bədxassəli şişlərin paycıqları da aşkarlanır. (Yalnız şişin yayılmış olduğu hallarda  şiş və piy toxuması arasında  ultrasəs kontrastlıq zəiflədiyindən müayinənin effektivliyi qismən azalır.) Qabarıq çapıq dəyişikliklərində də USM-in informativliyi qənaətbəxşdir.
USM və doppleroqrafiyadan ibarət  kompleks müayinə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Dediyimiz fikri rəqəmlərlə ifadə etdikdə görürük ki, xoşxassəli törəmələrin (həmçinin maye tərkibli törəmələrin) aşkar edilməsində kompleks müayinənin həssaslığı 78%, orta hesabla isə USM və doppleroqrafiyanın birgə kombinasiyasının həssaslığı və spesifikliyi 95%-dir. Bundan əlavə USM törəmənin ətrafındakı qan damarlarının sıxlığını təyin etməyə, invaziv müdaxilə (məsələn, USM nəzarətində punksiya və s.) həyata keçirməyə imkan verir.
Onu da bilmək lazımdır ki, SVX-nin müəyyənləşdirilməsində USM mammoqrafiya ilə yanaşı metod kimi yararlıdır. O, bir çox mikrokalsinatların, xüsuslə süd vəzilərinin in situ axacaq xərçəngi üçün xarakterik olan mikrokalsinatların diaqnostikasında mammoqrafiyanı əvəz edə biməz. Amma əgər qadın hamilədirsə, ya da körpəsinə süd verirsə, həmin halda diaqnoz qoyulması üçün USM yeganə metoddur.
Bir vacib məqam da var: döşünüzdəki patologiyanın süd vəzi xərçəngi olduğuna 100% əmin olmaq üçün mütləq və mütləq histoloji və patohistoloji müayinələrdən keçməlisiniz. Bəzən xəstələrdə belə bir qorxu olur ki, döşümə punksiya edildikdən sonra xərçəng yayıldı və ya bıçaq dəydikdən sonra artdı... Onkoloq kimi sizi əmin edirəm ki, bu fikirlərin heç bir elmi əsası yoxdur! Bilin ki, ultrasəs müayinəsi vasitəsilə süd vəzində əllə hiss olunmayan şişi təyin etmək olur, ancaq onu dəqiqliklə xərçəng adlandırıb xoşxassəli törəmələrədən  diferensiasiya etmək mümkün olmur. Buna görə də bir sıra alimlər mütləq olaraq biopsiya keçirilməsinə tərəfdar çıxırlar. Doğrudur, praktikada gərəksiz biopsiyaların keçirildiyinə də rast gəlirik. Bunlar təəssüf doğuran hallardır. Amma yoxlamamış əmin olmaq da olmur. Ona görə də, belə müayinələrdən qorxmaq lazım deyil. Əsas məsələ xəstəliyi vaxtında aşkarlamaqdır, dəqiq diaqnozun qoyulmasıdır və inamla bu bəlaya qarşı mübarizə aparmaqdır. Heç vaxt inamınızı itirməyin. Çünki əhval-ruhiyyəniz, psixoloji durumunuz xəstəliyə qalib gəlməkçün vacib şərtdir. Həkiminizə və qəbul etdiyiniz müalicəyə inamınız möcüzələr yarada bilər.
Müasir təbabətdə bir sıra digər üsullardan da geniş istifadə edilir.  Elastoqrafiya adlanan yeni USM metodikası var ki, bu, süd vəzi toxumasının sərtliyinin dəyişməsini qiymətləndirməyə imkan verir. Əgər standart rentgen mammoqrafiyası aşkar edilmiş düyünün təbiətini birmənalı olaraq əks etdirə bilmirsə və USM gözlənilən nəticəni vermirsə, o zaman daha böyük həssaslığa malik olan dinamik maqnit-rezonans mammoqrafiyasından (MRT) istifadə edilir. İnformativliyi yüksək olan bu aparatda kontrast maddənin toplanma intensivliyi düyünlü törəmələrin xoşxassəli və bədxassəli təbiətini diferensiasiya etməyə imkan verir. SVX-nin aşkar edilməsi üçün mammossintiqrafiya, pozitron-emission tomoqrafiya (PET) deyilən diaqnostika metodları da var. Radiotermoqrafiya metodu isə dəridə temperaturun lokal dəyişikliklərinin qiymətləndirilməsinə əsaslanır.
Onu da qeyd edək ki, şüa diaqnostika müayinələrində nəticələrin dəyərləndirilməsi üçün BİRADS (Breast İmaging Reporting and Data System) risk kateqoriyalarından istifadə olunur. BİRADS-0 o deməkdir ki, xəstənin əlavə müayinəyə ehtiyacı var. BİRADS-1 – vəz toxuması normaldır, zədələnmə əlamətləri qeyd edilmir. BİRADS-2 göstərir ki, süd vəzində xoşxassəli dəyişikliklər var və ya xoşxassəli törəmə qeydə alınıb.
Bu halda qadın mütləq hər 6-12 aydan bir kontrol müayinədən keçməlidir. BİRADS-3 risk kateqoriyasında xoşxassəli törəmədə xərçəngin olması ehtimalı 2%-dən az olsa da, qadın 3 aydan sonra təkrar müayinədən keçməlidir. Həmin müddətdə isə mütləq həkimin təyin etdiyi konservativ müalicə kursunu yerinə yetirməlidir. Bu halda laqeydliyə yol vermək gələcəkdə arzuolunmaz nəticələrə səbəb ola bilər. BİRADS-4 biopsiyanın (mikroskopik tədqiqat üçün patologiyalı orqandan toxuma kəsilib götürülməsi) keçirilməsi zərurətini meydana qoyur. Çünki törəmənin bədxassəli olması ehtimalı 2%-dən yüksək, 95%-dən aşağı olsa da, həkimin düzgün müalicə təyin edə bilməsi üçün diaqnozun morfoloji təsdiqlənməsi vacibdir. BİRADS-5 95%-dən yüksək ehtimalla bildirir ki, döşdəki törəmə bədxassəlidir. BİRADS-6-da xərçəng diaqnozu morfoloji olaraq təsdiq edilmiş sayılır. Bu zaman mammoqrafiya kimyəvi terapiya və cərrahi müalicəyə başlanmazdan əvvəl tətbiq edilir.